Rusiyanın Federal Təhlükəsizlik Xidməti Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə Moskvada raket əleyhinə müdafiə sisteminin əsas obyektlərindən birinə və elektrik enerjisi infrastrukturuna pilotsuz uçuş aparatları ilə hücum hazırlamaqda şübhəli bilinən iki nəfəri saxlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, 1991 və 1998-ci il təvəllüdlü, Cənubi Qafqaz mənşəli şəxslər gizli saxlanılan yerlərdən döyüş dronlarını götürərək onların buraxılması üçün Moskva vilayətinə çatdırmalı idilər.
Pilotsuz uçuş aparatlarının sonrakı idarə edilməsinin isə Ukrayna ərazisindən məsafədən həyata keçirilməsi planlaşdırılıb.
Qeyd olunub ki, şübhəlilər hücumlar həyata keçirilməzdən əvvəl, hazırlıq mərhələsində saxlanılıblar.
İddiaya görə, saxlanılanlardan biri Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşı tərəfindən ələ alınıb. Ona pul mükafatı vəd edildikdən sonra həmin şəxs təxribat və terror əməliyyatına hazırlıq məqsədilə Rusiyaya gəlib. Daha sonra o, tanışlarından birini də bu işə cəlb edib.
Saxlanılan şəxslər barəsində terrorçu birliyin fəaliyyətində iştirak ittihamı üzrə cinayət işi açılıb. Məhkəmə onların barəsində həbs qətimkan tədbiri seçib.
Hazırda hadisənin bütün təfərrüatlarının, şübhəlilərin ehtimal olunan qanunsuz fəaliyyətinin və mümkün əlaqələrinin müəyyənləşdirilməsi məqsədilə istintaq və əməliyyat tədbirlərinin davam etdirildiyi bildirilib.