Xəbər verdiyimiz kimi, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" Elçin Yusubovun dosyesini təqdim edir.
Elçin Yusubov 1975-ci il avqustun 8-də anadan olub. O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunu, 1998-ci ildə isə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirib.
Əmək fəaliyyətinə özəl sektorda başlayan Yusubov sonralar Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.

O, Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, birinci müavini və baş direktor, eləcə də Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrini icra edib.
Prezident İlham Əliyevin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda fərqlənməyə görə medalı ilə təltif olunan Elçin Yusubov həmin il mayın 13-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib.
2024-cü il martın 7-də isə Prezidentin Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət başçısının xüsusi nümayəndəsi vəzifəsinə təyin olunub.