“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının statistik göstəricilərində ilk üçlükdə yer alıb. UEFA-nın rəsmi statistikasına əsasən, liqa mərhələsinin üç turundan sonra Bakı təmsilçisi qapıçı seyvlərinin sayına görə üçüncü pillədədir.
Pokatilovun hesabında 18 seyv var. Bu göstəricidə Bratislava “Slovan”ı 20 seyv ilə birinci, “Brügge” isə 19 seyv ilə ikinci yerdədir. 33 yaşlı qapıçı sonuncu dəfə Dortmund “Borussiya”sı ilə görüşdə diqqət çəkib. “Sabah” həmin qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.
Bombardirlər siyahısına üç turdan sonra hərəyə dörd qol vuran altı futbolçu başçılıq edir: “Brügge”dən Nikolo Trezoldi, “Sportinq”dən Luis Suares, “Ştutqart”dan Ermedin Demiroviç, “Bavariya”dan Harri Keyn, “Mançester Siti”dən Erlinq Haaland və Dortmund “Borussiya”sından Seru Girassi. Kilian Mbappe (“Real Madrid”), Usman Dembele (PSJ), Fil Foden (“Mançester Siti”) və Aleksis Makallister (“Liverpul”) üç qol vurublar.
Məhsuldar ötürmələr üzrə “Barselona”nın futbolçusu Lamin Yamal dörd assistlə liderdir. Arda Gülər (“Real Madrid”), Usman Dembele (PSJ), Doniell Malen (“Roma”) və daha dörd futbolçunun hesabında üç assist var. Bombardirlər siyahısının liderlərindən Seru Girassi dörd qolundan ikisini “Sabah”a qarşı oyunda vurub.