Avstraliya məhkəməsində “Meta” şirkətinin “Facebook” və “Instagram” sosial media platformalarına qarşı kollektiv iddia qaldırılıb. İddiaçılar platformaların uşaqları zərərli məzmuna məruz qoyduğunu və alqoritmlər vasitəsilə onların sosial mediadan asılılığını artırdığını bildirirlər.
AnewZ-nin məlumatına görə, iddia bu ay Avstraliyanın ikinci ən yüksək məhkəməsi olan Federal Məhkəməyə hüquq firması MinterEllison tərəfindən təqdim edilib. Bu iş ölkədə sosial medianı istifadəçilərə, xüsusilə uşaqlara və yeniyetmələrə zərər vurmaqda günahlandıran ilk iddia ola bilər.
Kollektiv iddia “Meta”nın 18 yaşdan aşağı olduqları dövrdə onlara zərər vurduğunu iddia edən səkkiz nəfərin adından qaldırılıb. İddiaçılar kompensasiya tələb edirlər.
“Meta” şərh sorğusuna dərhal cavab verməyib.
Məhkəmə iddiaçıların kimliyinin açıqlanmasını qadağan edib
Məhkəmə bazar ertəsi verdiyi məlumatların yayılmasını qadağan edən qərarla iddiaçıların kimliyini və iddia ərizəsinin məzmununu üzə çıxara biləcək hər hansı məlumatın dərcinə qadağa qoyub.
“Meta” avqustda uşaqları sosial mediadan asılı vəziyyətə salmaq üçün platformalar hazırladığı barədə iddiaları həll etmək məqsədilə ABŞ-ın demək olar ki, bütün ştatları ilə 18 milyard dollar ödəməyə razılaşıb.
Bundan başqa, ABŞ-ın Nyu-Meksiko ştatında hakim “Cambridge Analytica” qalmaqalı ilə bağlı işdə andlılar şirkətin istehlakçıları yanıltması qənaətinə gəldikdən sonra texnologiya nəhənginin 25 milyard dollar ödəməsinə qərar verib.
“Meta” milyardlarla dollarlıq cərimənin konstitusion hüquqlarının pozulması riski yaratdığını əsas gətirərək, hakimdən cəriməni 3,45 milyard dollarla məhdudlaşdırmağı istəyib. Şirkət daha sonra qərardan apellyasiya şikayəti verməyi planlaşdırdığını bildirib.
Avstraliyada qaldırılan yeni iddia ölkə ilə iri texnologiya şirkətləri arasında gərginliyin artdığı vaxta təsadüf edir. Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial mediaya dünyada ilk qadağanı tətbiq edib. Həmçinin istifadəçilərə lentlərində alqoritmlə seçilən məzmunu söndürməyə imkan verə biləcək yeni qaydalar təklif olunub.