Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında İrəvan ilə Moskva arasındakı ikitərəfli münasibətlərin mövcud vəziyyətinə diqqət çəkib. N.Paşinyan Rusiya ilə təmasların müəyyən fikir ayrılıqlarına baxmayaraq heç vaxt soyuq olmadığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyanın sözlərinə görə, iki ölkə arasındakı diplomatik və işgüzar təmasların dinamikasında heç bir fundamental dəyişiklik baş verməyib.
Baş nazir vurğulayıb ki, diplomatik sahədə və ya ortaq gündəlikdə müəyyən məsələlər üzrə fərqli mövqelərin olması tərəflərin dialoqdan imtina etməsi anlamına gəlmir.
Ermənistan hökumətinin rəhbəri iki ölkə arasındakı münasibətlərin institusional xarakter daşıdığını və gələcəkdə də konstruktiv müstəvidə davam edəcəyinə əminliyini ifadə edib.
Ölkədə yeni Atom Elektrik Stansiyasının (AES) inşası məsələsinə toxunan Paşinyan, İrəvanın qiymət, keyfiyyət, texnoloji təhlükəsizlik və icra müddəti baxımından ən səmərəli təklifi axtardığını bildirib. O, bu strateji layihənin siyasiləşdirilmədiyini, sırf iqtisadi-texniki hesablamalara söykəndiyini vurğulayıb.
Eyni yanaşmanın dəmir yolu infrastrukturunun idarəolunması sahəsinə də tətbiq edildiyini deyən Paşinyan, Ermənistanın Rusiya tərəfdaşlarından da daxil olacaq bütün uyğun iqtisadi təklifləri dəyərləndirməyə hazır olduğunu diqqətə çatdırıb:
“Ən yaxşı və əlverişli təklifi kim təqdim edərsə, biz də həmin seçim üzərində dayanacağıq”, – deyə o əlavə edib.
Xatırladaq ki, Nikol Paşinyan bu günlərdə Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təmasda olub və ikitərəfli gündəlikdə duran əsas məsələləri müzakirə edib.