Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinə tədarük edilən Rusiya qazının bahalaşacağı ilə bağlı hələlik hər hansı rəsmi siqnalın olmadığını bildirib. O, bu barədə hökumətin iclasından sonra keçirilən brifinqdə danışıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Paşinyan qiymət artımı ilə bağlı məlumat olmadığı üçün alternativ variantların müzakirəsini tez hesab etdiyini vurğulayıb. Bununla belə, o, belə bir vəziyyət yaranacağı təqdirdə İrəvanın müvafiq addımlar atacağını istisna etməyib.
Qeyd edək ki, Mayın 27-də İrəvan Moskvadan xəbərdarlıq məktubu alıb. Məktubda Ermənistanın Avropa İttifaqına inteqrasiya xəttini davam etdirəcəyi təqdirdə, təbii qaz, neft məhsulları və emal olunmamış almazların tədarükünə dair sazişlərin Rusiya tərəfindən birtərəfli qaydada ləğv edilə biləcəyi ehtimalı yer alıb.
Hazırda Rusiya Hayastana qazın min kubmetrini 177,5 dollara tədarük edir. Ermənistan rəhbərliyi isə İran qazını Rusiya yanacağına alternativ kimi nəzərdən keçirmədiyini açıqlayıb.
Ermənistan Mərkəzi Bankının proqnozlarına görə, Moskva qazın qiymətini qaldıracağı təqdirdə, ölkədə istehlak qiymətləri kəskin artacaq və onsuz da ağır olan iqtisadi-sosial vəziyyət daha da pisləşəcək.