Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların və səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihədə vahid sığorta prinsipi yanaşmasının tətbiqi də nəzərdə tutulur.
Pensiya maaşa deyil, pensiya kapitalına əsasən hesablanacaq
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hazırda bəzi kateqoriyaların pensiya məbləği pensiyaya çıxarkən aldıqları əməkhaqqı və ya təminat xərcliyi ilə əlaqələndirilir.
Təklif olunan dəyişikliklə bu əlaqənin aradan qaldırılması və pensiyanın şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı əsasında formalaşdırılması nəzərdə tutulur.
Beləliklə, dövlət qulluqçularına və hərbi qulluqçulara ümumi əsaslarla pensiya təyin ediləcək. Bununla yanaşı, mövcud qanunvericilikdə nəzərdə tutulan qulluq stajına görə əlavə mexanizmi əvəzinə aylıq sabit pensiya əlavəsinin tətbiqi təklif olunur.
Dövlət qulluqçuları üçün bu əlavə inzibati təsnifat üzrə, hərbi qulluqçular üçün isə hərbi rütbələr üzrə müəyyən ediləcək.
Hərbi qulluqçuların maaş sistemi də dəyişir
Yeni mexanizmlə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pul təminatı sistemində də dəyişikliklər nəzərdə tutulur.
Milli Məclisdə təqdim olunan məlumata görə, yeni mexanizm nəticəsində hərbi qulluqçuların vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra əməkhaqlarının orta hesabla 22,8 faiz artacağı gözlənilir. Bu məqsədlə illik əlavə olaraq 550 milyon manatadək vəsait ayrılması nəzərdə tutulur.
Yeni sistemdə baza maaşının vəzifə maaşı ilə əvəzlənməsi, rütbə maaşının xüsusi çəkisinin isə 70 faizə çatdırılması planlaşdırılır.
Pensiya təyinatı elektronlaşdırılacaq
Layihədə pensiya təyinatı prosesinin də sadələşdirilməsi nəzərdə tutulur.
Yeni mexanizm tətbiq ediləcəyi halda dövlət qulluqçuları və digər aidiyyəti şəxslər inzibati orqanlara müraciət etmədən pensiya təyinatından elektron qaydada yararlana biləcəklər.
Pensiya kapitallarının indeksləşdirilməsi dəyişir
Qanun layihəsində pensiyaların və fərdi hesablarda qeydə alınan pensiya kapitallarının indeksləşdirilməsi mexanizminə də dəyişiklik təklif edilir.
Hazırda əmək pensiyaları ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Pensiya kapitalları isə istehlak qiymətləri indeksinə uyğun artırılır.
Yeni yanaşmaya əsasən, yüksək məbləğli pensiyalar və pensiya kapitalları üçün diferensial indeksləşmə tətbiq ediləcək. Aşağı məbləğli pensiyalar və pensiya kapitalları isə əvvəlki qaydada tam məbləğdə indeksləşdiriləcək.
Layihənin əsas məqsədlərindən biri pensiya təminatında vahid sığorta prinsipinin gücləndirilməsi, pensiya təyinatının sadələşdirilməsi və dövlət sosial müdafiə fondunun maliyyə dayanıqlığının artırılmasıdır.
Qanun layihəsi Milli Məclisdə keçirilən müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.