İngiltərə millisi UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün qrup mərhələsinin VI turunda İspaniyanı səfərdə 3:2 hesabı ilə məğlub edib. İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel görüşdən sonra komandasının çıxışını şərh edib.
“Keyfiyyətli oyun və layiqli qələbə qazandıq. Ümumilikdə daha güclü idik və matç boyu yaxşı futbol göstərdik. 60 dəqiqədən sonra həm oyun, həm də hesab qanunauyğun idi”, – Tuxel ITV Sport-a açıqlamasında deyib.
Onun sözlərinə görə, komanda topa sahib olarkən cəsarətlə oynayıb, müdafiədə intizamlı davranıb və rəqib meydançasının yarısında təzyiq göstərib. Tuxel qələbədə komandanın fədakarlığını, hərəkətliliyini və oyun keyfiyyətini xüsusi vurğulayıb.
Baş məşqçi İspaniya kimi rəqibə qarşı oyunun çətinliyinə də toxunub: “Belə rəqibə qarşı 30 dəqiqə iki saat kimi hiss olunur. İcraçıların səviyyəsi çox yüksəkdir. İkinci qolu buraxdıqdan sonra özünə gəlmək üçün vaxt lazımdır. Amma biz xarakterimizi, imkanlarımızı və seçdiyimiz yola inamımızı göstərdik”.
Tuxel standart vəziyyətlər üzrə mütəxəssis və köməkçisinin əməyini də qeyd edib. O bildirib ki, həmin mütəxəssislər ideyalar irəli sürür və onların həyata keçirilməsinə kömək edirlər.
İngiltərə qrupda 15 xalla birinci, eyni xala malik İspaniya isə top fərqinə görə ikinci yeri tutub. Qolları Harri Keyn (45), Konsa (53) və Uayt (57) vurub. İspaniya yığmasında Oyarzabal (65) və Uilyams (75) fərqlənib. Anderson 63-cü dəqiqədə qırmızı vərəqə alıb.