Əsas məzmuna keç

Azərbaycanda saatlıq əməkhaqqı dövrü başlayır: Kim qazanacaq, kim uduzacaq? – ARAŞDIRMA

Azərbaycanda saatlıq əməkhaqqı dövrü başlayır: Kim qazanacaq, kim uduzacaq? – ARAŞDIRMA

Azərbaycanda əmək münasibətlərində yeni mərhələnin əsası qoyulur. Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan və Əmək...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanda əmək münasibətlərində yeni mərhələnin əsası qoyulur. Milli Məclisin Əmək və sosial siyasət komitəsində müzakirəyə çıxarılan və Əmək Məcəlləsinə edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, ölkədə ilk dəfə olaraq əməkhaqqı mexanizmi tətbiq ediləcək. Layihəyə görə, bir aydan az müddətə bağlanan müqavilələr və ya həftəlik iş vaxtı 20 saatdan çox olmayan rejimlər üçün bu sistemdən istifadə olunacaq. Məqsəd xüsusilə kənd təsərrüfatı, turizm, məişət xidmətləri, daşıma və İT sektorlarında çevik məşğulluğu artırmaq, tələbələrin, azyaşlı uşağı olan anaların və pensiyaçıların əmək bazarına çıxışını stimullaşdırmaqdır.

Bəs 400 manatlıq minimum aylıq əməkhaqqı fonunda bir saatlıq əməyin dəyəri konkret neçə manat olacaq? Bu sistem qeyri-formal məşğulluğu azaldacaqmı, yoxsa sadəcə bazarda yeni seçim imkanı yaradacaq?

"Operativ Məlumat Mərkəzi-OMM" mövzunu həm iqtisadi, həm də hüquqi aspektdən araşdırıb.

Rəqəmlər nə deyir: 1 saatlıq əməyin dəyəri nə qədər olacaq?

Hazırda Azərbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır. Əgər ay ərzində orta iş saatını (təxminən 160–167 saat) əsas götürsək, riyazi hesablama ilə bir saatlıq minimum məbləğ təxminən 2,40 – 2,50 manat civarında alınır. Lakin parlamentdəki müzakirələrdə də vurğulandığı kimi, saatlıq minimum əməkhaqqının aylıq minimumdan hesablanan adi tarifdən daha yüksək müəyyən edilməsi nəzərdə tutulur.

İqtisadçı ekspert Eldəniz Əmirov məsələnin iqtisadi məntiqini izah edərkən bildirib ki, 1 saatlıq əməyin dəyərinin 2,50 manatdan yüksək müəyyən edilməsi tamamilə doğru yanaşmadır:

"Bir insan 2 saatlıq işə görə harasa gedirsə, bunun yolda itirdiyi zaman, və digər nəzərdə tutulmayan xərcləri yaranır. 2 manat 50 qəpiyin və ya 2 saata görə 5 manatın qarşılığında bu xərclər uyğun gələ bilməz. Buna görə aylıq minimum 400 manat olsa da, saatlıq tarifin 2,50 manatdan yüksək olması düzgündür. Bu, sahibkar üçün müəyyən yük yaradacaqmı? Təbii ki, yaradacaq. Amma 1 saat üçün (şərti olaraq qeyd edirəm) 4 və ya 5 manat ödənilməsi bir sahibkarı müflis etməz, əvəzində evindən çıxıb iş dalınca gedən bir insan üçün əhəmiyyətli puldur".

Azərbaycanda saatlıq əməkhaqqı dövrü başlayır: Kim qazanacaq, kim uduzacaq? – ARAŞDIRMA

Cəmiyyətdə yaranan əsas narahatlıqlardan biri sahibkarların tamştatlı işçiləri ixtisar edib saatlıq rejimə keçirəcəyi, yaxud bu sistemin bütün sahələrə məcburi tətbiq olunacağı ilə bağlıdır. Eldəniz Əmirov bu narahatlıqlara aydınlıq gətirərək qeyd edib ki, sistem məcburiyyət xarakteri daşımır və əslində biznesin özünə də qənaət imkanı verir:

"Oxucular əmin olsunlar ki, burada hər hansı məcburiyyətdən söhbət getmir. Sahibkar işçini günün yarısını işlədib tam minimum əməkhaqqı – 400 manat da verə bilər. Sadəcə, əvvəl seçim yox idi, indi rəsmi və hüquqi faktor olaraq seçim imkanı yaradılır. Məsələn, sahibkara ay ərzində cəmi bir neçə saatlıq iş gördürəcək əməkdaş lazımdır. Saatlıq tariflə (məsələn, 5 manatdan hesablasaq) o, toplam 300 manata həmin işi gördürə biləcək. Halbuki əvvəl minimum əməkhaqqı tələbinə görə məcbur olub 400 manat ödəməli idi. Eyni zamanda, saatlıq sistem məşğulluqda şəffaflığın artırılması, qeydiyyat-uçot məsələlərinin sistemləşdirilməsi və vergi daxilolmaları baxımından çox önəmlidir".

Hüquqi müstəvi: Məzuniyyət və sosial sığorta hüquqları necə qorunacaq?

Saatlıq əməkhaqqı ilə çalışanların sosial təminatı – xüsusilə əmək məzuniyyəti, xəstəlik vərəqəsi üzrə ödənişlər və pensiya stajı ictimaiyyəti düşündürən digər vacib məqamdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov hesab edir ki, layihə ətrafında müəyyən qədər süni ajiotaj yaranıb və əslində hüquqi baxımdan işçilərin təminatında prinsipial dəyişiklik baş verməyəcək:

"Saatlıq sistemdə işləyənlərin məzuniyyət hüququnun həyata keçirilməsində, müvəqqəti əmək qabiliyyətini itirməyə görə ödənişlərdə və ya sosial sığortasında heç bir maneə olmayacaq. Məsələn, əmək məzuniyyəti hamı üçün standart olaraq 21 gündürsə, onlar da 21 gün məzuniyyət alacaqlar. Sadəcə, məzuniyyət və ya xəstəlik dövrünün ödənişi həmin işçinin işlədiyi saatlara uyğun qazandığı orta əməkhaqqı həcmində hesablanacaq".

Sahib Məmmədov:

Qeyri-formal bazara təsir edəcəkmi?

Müzakirələrdə saatlıq əməkhaqqının qeyri-formal məşğulluğu ("kölgə iqtisadiyyatı"nı) azaldacağı vurğulansa da, Sahib Məmmədov bu məsələyə daha praqmatik yanaşır. Ekspertin fikrincə, bu yenilik əsasən formal əmək bazarında prosedurları asanlaşdıracaq:

"Bu gün də istənilən işəgötürən işçi ilə natamam iş vaxtı – 50% (yarımştat) və ya 25% (gündə 2 saat) işləmək şərtilə müqavilə bağlaya bilir. Yeni sistem sadəcə bu mexanizmi bir qədər də çevikləşdirəcək. Əmək bazarında hansısa çaxnaşma və ya kəskin dəyişiklik gözləmirəm. Sui-istifadə hallarına gəldikdə isə, formal bazarda dövlət nəzarəti var və burada problem az olacaq. Qeyri-formal bazarda isə onsuz da 8 saat əvəzinə 12 saat işlədirlər, maaşı cibdən-cibə verirlər, ikili mühasibatlıq var. Yeni sistem qeyri-formal bazara ciddi təsir etməyəcək, daha çox rəsmi bazarda tənzimləməni yaxşılaşdıracaq".

Nəticə: Kim nə qazanacaq?

Apardığımız araşdırma və ekspert rəyləri göstərir ki, saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi əmək bazarında inqilabi dəyişiklik yaratmasa da, tərəflər üçün konkret üstünlüklər formalaşdırır:

İşçilər (tələbələr, gənc analar, pensiyaçılar): Tamştatlı işləmək imkanı olmayan şəxslər günün müəyyən saatlarında rəsmi müqavilə ilə işləyərək sosial sığorta stajı qazanacaq və adi aylıq tarifdən nisbətən yüksək saatlıq ödəniş əldə edəcəklər.

Sahibkarlar: Mövsümi və ya günün yalnız pik saatlarında (məsələn, restoran, turizm, kənd təsərrüfatı və kuryer xidmətlərində) işçi qüvvəsinə ehtiyac duyan bizneslər tam ştat saxlamaq məcburiyyətindən azad olacaqlar.

Dövlət: Qısamüddətli və birdəfəlik işlərin elektron əmək müqaviləsi sisteminə inteqrasiyası vergi və sosial sığorta daxilolmalarında şəffaflığı artıracaq.

Layihənin yekun qəbulundan sonra saatlıq əməkhaqqının tətbiq ediləcəyi konkret iqtisadi fəaliyyət növlərinin siyahısını və minimum saatlıq məbləği təsdiqləyəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…