Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Müdafiə Nazirliyinin dörd hərbi qulluqçusuna ali hərbi rütbə verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncama əsasən, general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova general-leytenant, polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə və Telman Əsgər oğlu Hüseynova isə general-mayor hərbi rütbəsi verilib.
Bəs ali hərbi rütbələrə yüksəldilən zabitlər kimlərdir?
Zaur Rüstəmov Azərbaycan hərbi aviasiyasının tanınmış zabitlərindəndir. 1975-ci ildə İsmayıllı rayonunda anadan olub. Türkiyədə hərbi aviasiya təhsili alıb və 1996-cı ildə Azərbaycana qayıdan ilk milli hərbi təyyarəçilərdən biri olub.
O, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda, eləcə də 2020-ci ildə Bakıda təşkil olunan Zəfər paradında aviasiya bölmələrinin nümayişinə rəhbərlik edib. 2022-ci ildə Bakıda keçirilən TEKNOFEST festivalında Selçuk Bayraktarla birlikdə MiQ-29 qırıcı təyyarəsində uçuş həyata keçirib.
Zaur Rüstəmov 2024-cü ildə Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub. O, “Qarabağ” ordeni və digər dövlət təltiflərinə layiq görülüb. 2022-ci ildə general-mayor rütbəsi alan hərbçi indi general-leytenant rütbəsinə yüksəldilib.

Elnur Ələsgərli də dövlət təltiflərinə layiq görülmüş zabitlərdəndir. O, 25 iyun 2024-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. Həmin vaxt polkovnik rütbəsi daşıyan hərbçiyə indi general-mayor rütbəsi verilib.

Hikmət Əliyev Vətən müharibəsindən sonra təltif edilən hərbi qulluqçular sırasındadır. Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Həmin dövrdə polkovnik-leytenant rütbəsində xidmət edən Hikmət Əliyev sonradan polkovnik rütbəsinə yüksəlib. Yeni sərəncamla ona general-mayor rütbəsi verilib.

Telman Hüseynov isə 2016-cı ildə “İgidliyə görə” medalı ilə təltif olunub. Həmin vaxt polkovnik-leytenant rütbəsində olan hərbçi 2020-ci ildə artıq polkovnik kimi xidmət edib. O, Vətən müharibəsindən sonra “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb. Yeni sərəncamla Telman Hüseynova da general-mayor rütbəsi verilib.
