"Beşinci sosial islahat zərfi 1,9 milyon vətəndaşı əhatə edib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev parlamentin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, cari ildə həyata keçirilən beşinci sosial islahat zərfi əhalinin geniş təbəqələrini əhatə edən mühüm sosial paket olub. Onun təqdim etdiyi məlumata əsasən, yanvarın 1-dən minimum əməkhaqqı 16% artırılaraq 400 manata, fevralın 1-dən isə minimum pensiya 14,7% artırılaraq 320 manata çatdırılıb.
Anar Əliyev həmçinin bildirib ki, iyulun 1-dən sosial müavinətlər, Prezident təqaüdləri və uşaqlara görə təqaüdlər, sentyabrın 1-dən isə əməkhaqqına və təqaüdlərə olan əlavələrin məbləğləri artırılıb. Bununla yanaşı, yanvarın 1-dən təhsil işçilərinin aylıq vəzifə maaşları orta hesabla 10% artırılıb.
Nazir əlavə edib ki, bu sosial paket əhalinin böyük hissəsinə birbaşa təsir göstərib:
“Ümumilikdə, beşinci sosial islahat zərfi 1,9 milyon vətəndaşı əhatə edib və bunun illik əlavə maliyyə yükü 885 milyon manat təşkil edir. Əmək pensiyalarının ilin əvvəlində 8,1% indeksasiyası ilə birlikdə isə illik əlavə maliyyə yükü 1 milyard 400 milyon manat olub”.
Anar Əliyev vurğulayıb ki, həyata keçirilən artımlar növbəti illərdə də sosial rifahın gücləndirilməsi istiqamətində davam etdiriləcək.