Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin dövlət sərhədində Rusiya Federal Təhlükəsinlik Xidmətinin (FTX) sərhədçilərinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə əvəzlənməsi prosesinin Avropa İttifaqı (Aİ) ilə viza rejiminin liberallaşdırılması şərtləri ilə bağlı olmadığını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri hökumətin brifinqində çıxışı zamanı məlumat verib.
Məlumata görə, Paşinyan Türkiyə və İranla sərhəddə nəzarətin tam şəkildə yerli sərhədçilərə həvalə edilməsi üzrə işlərin daha əvvəl başladığını və bunun milli suverenliyin vacib göstəricisi olduğunu vurğulayıb. Baş nazir bildirib ki, həmin dövrdə Rəsmi İrəvan Aİ-nin viza liberallaşdırılması üzrə tələblərini deyil, yalnız öz milli sərhəd imkanlarının inkişafını nəzərə alıb.
Paşinyan, həmçinin Rusiyanın dost ölkə olduğunu deyərək, Gümrüdəki 102-ci hərbi bazanın ölkədəki varlığının davam etdirilməsi və ya çıxarılması mövzusunda Moskva ilə dialoqa hazır olduqlarını bir daha diqqətə çatdırıb. Müxalifət isə bazanın çıxarılması ehtimalını ölkə təhlükəsizliyi üçün "yeni avantüra" kimi qiymətləndirib.
Məlumat üçün bildirək ki, 102-ci Rusiya hərbi bazası 1995-ci ildə imzalanmış dövlətlərarası müqavilə əsasında fəaliyyət göstərir və 2010-cu ildə tərəflər sazişin müddətini 2044-cü ilədək uzadıblar. Bazanın aviasiya komponenti isə İrəvandakı “Erebuni” aerodromunda yerləşir.