ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Qırmızı planetdə tarixi nailiyyətə imza atıldığını bəyan edib. Qurumun rəsmi məlumatına əsasən, “Perseverance” marsoxodu (Mars səthi tədqiqat aparatı) 11 oktyabr 2026-cı il tarixinə olan göstəricilərə görə Mars səthində ümumilikdə 45,22 kilometr məsafə qət edib. 2021-ci ilin fevralında Jezero kraterinə enən aparat “Opportunity” marsoxodunun təxminən 15 il ərzində qət etdiyi 45,16 kilometrlik rekordu cəmi 5 il yarım ərzində geridə qoyub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Jezero kraterində qədim mikrobioloji həyatın izlərini və süxur nümunələrini araşdıran “Perseverance” hərəkət marşrutunun 90 faizindən çoxunu tam avtonom naviqasiya sistemi vasitəsilə qət edib. NASA mütəxəssisləri robot aparatın ümumilikdə 100 kilometrlik məsafəni qət etmək üçün yüksək texniki resurslara malik olduğunu vurğulayırlar.
Səthdə hərəkət edən kosmik tədqiqat aparatlarının tarixi 1970-ci ildə Sovet İttifaqının “Lunoxod-1” aparatı (10,5 km) və 1973-cü ildə göndərilən “Lunoxod-2” (39 km) ilə başlayıb. ABŞ-ın “Apollo 15”, “Apollo 16” və “Apollo 17” missiyaları çərçivəsində astronavtların idarə etdiyi Ay avtomobilləri isə 26-36 kilometr arası məsafə qət ediblər.
Marsın tədqiqində isə 1997-ci ildə “Sojourner” (100 metr), 2004-cü ildə “Spirit” (7,73 km) və “Opportunity” (45,16 km) böyük rol oynayıb. Çinin 2019-cu ildə Ayın görünməyən tərəfinə endirdiyi “Yutu-2” aparatı isə hazırda 1,6 kilometrlik tədqiqat zonasını geridə qoyub.
Dərin kosmosun tədqiqində növbəti əsas mərhələ 2028-ci ilə planlaşdırılır. Avropa Kosmik Agentliyi (ESA) NASA-nın texniki dəstəyi ilə “Rosalind Franklin” aparatını 2028-ci ilin sonunda Marsa göndərməyi hədəfləyir. 2030-cu ildə planetə çatacaq aparat səthin 2 metr dərinliyindən nümunələr götürə biləcək.
NASA-nın 2028-ci ildə buraxılması nəzərdə tutulan “Dragonfly” aparatı 2034-cü ildə Saturnun peyki Titana çatacaq və pərvanəli uçuş sistemi sayəsində mürəkkəb relyefli əraziləri araşdıracaq. 2024-cü ildə kosmosa buraxılan “Europa Clipper” zondu isə 2030-cu ildə Yupiterə çataraq Europa peykinin buz qatı altındakı okeanı tədqiq edəcək.
Bəşəriyyətin kosmosdakı en uzaq obyekti sayılan və 1977-ci ildə buraxılan “Voyager-1” aparatı hazırda ulduzlararası fəzada Yerdən 25 milyard kilometrdən çox məsafədə hərəkətini sürdürür. Dünyanın ən güclü kosmik rəsədxanası olan “James Webb” teleskopu isə Yerdən 1,5 milyon kilometr məsafədə — İkinci Laqranj (L2) nöqtəsində Kainatın dərinliklərini müşahidə etməkdədir.