ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Mars planetində fəaliyyət göstərən "Curiosity" rotasiya aparatı Qırmızı planetin səthində növbəti geoloji tədqiqat zamanı çəkdiyi nadir kadrı Yer kürəsinə ötürüb. 2012-ci ildən Marsın ekvatoru yaxınlığındakı Qeyl kraterində elmi missiyasını davam etdirən apparatın "Mastcam" kamerası vasitəsilə qeydə aldığı fotoşəkildə külək eroziyası nəticəsində formalaşmış unikal qayalıq relyef əks olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının planetoloqu, "Curiosity" layihəsinin aparıcı mütəxəssisi Eşvin Vasavada görüntülənən sıldırım zirvələrin indiyədək öyrənilən geoloji təbəqələrdən köklü şəkildə fərqləndiyini bildirib.
Alimlərin ehtimallarına görə, təxminən 3 milyard il əvvəl vulkanik fəaliyyət nəticəsində toplanan çöküntülər minilliklər boyunca küləyin təsiri ilə "yardanq" adı verilən xüsusi tirələrə çevrilib.
Hazırda Şarp dağının şimal-qərb hissəsi boyunca dəniz səviyyəsindən (şərti Mars relyefindən) təxminən bir kilometr yüksəkliyə qalxan "Curiosity" Marsda ən yüksək nöqtəyə çatan aparat unvanını qazanıb. Şarp dağındakı laylar planetin rütubətli və isti iqlim şəraitindən dondurucu, quraq mühitə keçidini əks etdirən əvəzsiz geoloji arxiv rolunu oynayır.
Vasavadanın sözlərinə görə, "Süper Zəka" və muxtar naviqasiya texnologiyalarından yararlanan aparatın 2027-ci və ya 2028-ci illərdə bu relyef zonasına tam çatacağı və bura aid süxur nümunələrini analiz edəcəyi planlaşdırılır. Hazırda NASA-nın Marsda iki aparatı — "Curiosity" və Jezero kraterində fəaliyyət göstərən "Perseverance" missiyalarını uğurla davam etdirirlər.
Günəşin doğmasından təxminən bir saat sonra çəkilən kadrların Yerdəki Arizona səhrasını xatırlatdığını deyən Vasavada, səmanın narıncı, şəfəqin isə mavi çalarlarda olmasının Qırmızı planetə xas ecazkar mənzərə yaratdığını diqqətə çatdırıb.