“Barselona”nın baş məşqçisi Hans-Diter Flik La Liqanın 13-cü turunda “Vilyarreal”la oyunda hakim Alejandro Ernandes Ernandesin qərarlarından narazı qalıb. Kataloniya təmsilçisi 0:2 hesabı ilə geridə olduğu qarşılaşmada geri dönüş edərək 3:2 hesablı qələbə qazanıb.
Flik Fermin Lopesin qırmızı vərəqə almasına münasibət bildirərkən bunun səbəbini bilmədiyini deyib. Məşqçinin sözlərinə görə, Lopes artıq ehtiyat oyunçular skamyasında əyləşmişdi, özü isə bütün diqqətini matça yönəltmişdi.
“Bu gün meydanda çox şey baş verdi və mənim məsuliyyətim oyunçularıma və komandaya dəstək olmaq idi. Hakimliklə bağlı bu referi ilə əvvəllər də problemlərimiz olub. Keçmişdə də, bu gün də — sanki hər şey həmişə eynidir”, – Flik bildirib.
O, Lamin Yamalın rəqiblə bəzi mübarizələrdə aşkar qayda pozuntularına məruz qaldığını, bununla belə, komandanın hakimin qərarlarını qəbul etməli olduğunu söyləyib. Flikin fikrincə, “Barselona” ikinci hissədəki kimi daha yaxşı oynamalı və hakimlikdən asılı olmayaraq qələbə qazanmalıdır.