“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopez İspaniya La Liqasının 13-cü turunda “Vilyarreal”la keçirilən və 3:2 hesabı ilə başa çatan matçda ehtiyat oyunçular skamyasında olarkən qırmızı vərəqə alıb. Baş hakim Alejandro Hernandez Hernandezin protokoluna əsasən, futbolçu 74-cü dəqiqədə skamyadan qalxaraq dördüncü hakimə yaxınlaşıb və dəfələrlə “Məni əsəbiləşdirmə!” ifadəsini işlədib. Daha sonra o, paltardəyişmə otağına yollanıb.
İspaniya mediasının məlumatına görə, bu davranış hakimə hörmətsizlik kimi qiymətləndirilir və ən azı iki oyunluq diskvalifikasiya ilə nəticələnir. Beləliklə, Lopez “Deportivo” və “Atletiko Madrid”lə qarşılaşmaları buraxacaq.
Lopez “Vilyarreal”la görüşdə “Barselona”nın ikinci qolunu vuraraq hesabı bərabərləşdirib. O, qırmızı vərəqə almasından altı dəqiqə əvvəl, 68-ci dəqiqədə Dani Olmo ilə əvəzlənmişdi.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hakim qərarına təəccübləndiyini bildirib. Qırmızı vərəqənin səbəbini öyrənmək üçün hakimə yaxınlaşan alman mütəxəssis özü sarı vərəqə alıb. “Fermin Lopez niyə qırmızı vərəqə aldı? Bilmirəm. O, artıq ehtiyat oyunçular skamyasında oturmuşdu, mən isə bütün diqqətimi oyuna yönəltmişdim”, – Flik deyib.