Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxış edərkən Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyası prosesinin 2031-ci ilədək başa çatdırılmasını hədəflədiyini bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyanın sözlərinə görə, Azərbaycanla sülh müqaviləsinin tam hüquqi qüvvəyə minməsi həm Ermənistan hökumətinin, həm də onun şəxsi siyasi gündəliyinin ən vacib prioritetlərindən biridir.
“Mən özüm üçün konkret məqsəd və zaman çərçivəsi müəyyənləşdirmişəm: 2031-ci ilədək bu prosesi yekunlaşdırmaq. Təbii ki, bu, hökumətin və bütövlükdə siyasi komandamızın üzərinə düşən əsas vəzifədir. Baş nazir kimi bunu şəxsi gündəliyim baxımından da müstəsna əhəmiyyətli hesab edirəm”, – deyə Paşinyan vurğulayıb.
Ermənistan hökumətinin rəhbəri əlavə edib ki, bu hədəfə çatmaq üçün bütün lazımi ilkin şərtlərin mövcudluğuna inanır, əks halda məsələni bu şəkildə gündəmə gətirməzdi.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli zirvə görüşünün yekununda iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair razılaşdırılmış saziş mətni xarici işlər nazirləri tərəfindən paraflanmış və müvafiq birgə bəyannamə qəbul edilmişdi.