Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi sabitliyin möhkəmləndirilməsinə və regionun davamlı inkişafına xidmət edən qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bəyan edib. Baş nazir Nikol Paşinyan bu barədə Aİİ Hökumətlərarası Şurasının onlayn formatda keçirilən iclasında çıxışı zamanı bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Paşinyan İrəvanın regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması və ticarət əlaqələrinin inkişafı gündəliyini dəstəklədiyini iddia edib.
O, ölkəsinin irəli sürdüyü “Sülh kəsişməsi” təşəbbüsü və TRIPP layihəsi çərçivəsində Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpasının, eləcə də Fars körfəzi ilə Qara dəniz arasında yeni nəqliyyat dəhlizinin qurulmasının vacibliyini vurğulayıb.
Paşinyan bu layihələrin region dövlətləri üçün böyük iqtisadi dividend gətirəcəyini qeyd edərək, məhdud tərkibli görüşdə Ermənistanla Azərbaycan arasında sülh prosesi və kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı bəzi məqamları həmkarlarının diqqətinə çatdırdığını bildirib.
Eyni zamanda, Ermənistanın baş naziri Aİİ-nin daxili bazarında mövcud olan inzibati maneələrdən və problemlərdən gileylənib. O, qurum çərçivəsində malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti prinsiplərinin kağız üzərində qaldığını, Çolpon-Ata iclasından sonra da ciddi irəliləyişin əldə olunmadığını etiraf edib. Paşinyan Ermənistan məhsullarının ixracı və tranziti qarşısındakı maneələrin aradan qaldırılması üçün Aİİ üzvlərini konstruktiv dialoqa çağırıb.