Ermənistanın baş naziri Nikol Paşinyan “TRIPP” layihəsinin ölkənin və bütövlükdə regionun iqtisadi transformasiyasında əsas amilə çevrilə biləcəyini bildirib. Onun sözlərinə görə, layihə investisiyaların artmasına və regional əlaqələrin genişlənməsinə də təkan verə bilər.
Paşinyan bu fikirləri İrəvanda keçirilən Ermənistan-Böyük Britaniya biznes forumunun açılışında səsləndirib. O bildirib ki, Ermənistan və region Azərbaycanla sülhün əldə olunması və bunun doğurduğu proseslərlə əlaqədar transformasiya mərhələsindədir.
Baş nazirin sözlərinə görə, “TRIPP” layihəsinin sahədə icrasına başlamaq üçün gündəlik iş aparılır. O, layihənin təkcə Ermənistanın deyil, bütün regionun iqtisadi mühitini dəyişməkdə mühüm rol oynayacağını vurğulayıb.
Paşinyan layihənin artıq Ermənistanın investisiya cəlbediciliyinə təsir etdiyini və bu sahədə müəyyən artımın müşahidə olunduğunu deyib. Onun fikrincə, layihə yeni təşəbbüslərə yol açacaq, Ermənistan və region ətrafında investisiya marağı güclənəcək.
Baş nazir əlavə edib ki, yaxın vaxtlarda “TRIPP” layihəsi ilə bağlı inkişafla yanaşı, Ermənistan-Türkiyə sərhədinin açılması da gözlənilir. Ermənistanla Azərbaycan, eləcə də Ermənistanla Türkiyə arasında dəmir yolu əlaqələrinin bərpası da nəzərdə tutulur.
“TRIPP”, “Zəngəzur dəhlizi” adı ilə də tanınan, ABŞ-nin dəstəklədiyi və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Ermənistanın cənub ərazisi vasitəsilə birləşdirməsi planlaşdırılan tranzit layihəsidir. Təşəbbüs 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında Birgə Bəyannamənin imzalandığı üçtərəfli sammitdən sonra irəli sürülüb.