Türkiyə Superliqasının 12-ci turunda “Göztepe” səfərdə “Erzurumspor”u 1:0 hesabı ilə məğlub edib. Azərbaycan millisinin üzvü Nəriman Axundzadə meydan sahiblərinin ehtiyat oyunçular sırasında yer alıb.
Erzurum şəhərindəki Kazım Karabekir stadionunda keçirilən görüşün ilk hissəsində hesab açılmayıb. Matçın yeganə qolunu ikinci hissədə meydana daxil olan Efkan Bəkiroğlu vurub.
69-cu dəqiqədə oyuna qoşulan Bəkiroğlu cəmi bir dəqiqə sonra fərqlənərək İzmir təmsilçisinə qələbə qazandırıb. “Erzurumspor”da çıxış edən Nəriman Axundzadə qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib.
Məğlubiyyət ev sahibi komandanın azarkeşlərinin narazılığına səbəb olub. Görüşün sonlarında tribunalar baş məşqçi Sərkan Özbalatanı istefaya çağırıb.
Bu nəticədən sonra “Göztepe”nin xallarının sayı 18-ə yüksəlib. “Erzurumspor” isə 14 xalla qalıb.