“Çaykur Rizəspor” Türkiyə Superliqasının 11-ci turunda doğma meydanda “Ərzurumspor”u 2:1 hesabı ilə məğlub edib. Bu, komandanın cari mövsümdə evdə qazandığı ilk qələbə olub.
“Çaykur Didi” stadionunda keçirilən görüşdə hesabı 31-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Ali Soue açıb. “Ərzurumspor” 37-ci dəqiqədə İbrahim Diabatenin qolu ilə tarazlığı bərpa edib və ilk hissə 1:1 hesabı ilə başa çatıb.
İkinci hissədə yenidən fərqlənən Ali Soue 66-cı dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq dubl edib. Bununla da “Çaykur Rizəspor” 2:1 hesablı qələbəni rəsmiləşdirib.
“Ərzurumspor”un heyətində çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə matçı ehtiyat oyunçular skamyasında keçirib.
Qələbədən sonra “Çaykur Rizəspor”un xallarının sayı 14-ə çatıb. “Ərzurumspor” da 14 xalla turnir cədvəlində mübarizəsini davam etdirir.