Ermənistan müxalifəti Azərbaycanın sülh müqaviləsi üçün irəli sürdüyü Konstitusiya dəyişikliyi tələbi ilə kifayətlənməyəcəyini və yeni güzəştlər tələb edəcəyini iddia edir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə "Güclü Ermənistan" fraksiyasının katibi Tiqran Abramyan keçirdiyi brifinqdə bəyan edib.
Abramyan İrəvanın yeni Ana Qanunu qəbul etməsindən sonra Bakının növbəti şərtləri masa üzərinə qoyacağını vurğulayıb: "Ermənistan hakimiyyəti də yeni Konstitusiyanın qəbulundan sonra Bakının nə tələb edəcəyini bilməyə bilər. Bu səbəbdən İrəvanın güzəştlər zəncirinə mümkün qədər tez son qoyulmalıdır. Ermənistan artıq güzəştə gedə biləcəyi hər şeyi edib".
Fraksiyanın digər deputatı Areqa Hovsepyan isə Azərbaycanın sülh sazişində maraqlı olmadığını iddia edərək Bakının əsas məqsədinin Naxçıvanla quru əlaqəsini təmin etmək olduğunu bildirib.
Müxalifətin bu ittihamları Baş nazir Nikol Paşinyanın parlamentdəki son çıxışından sonraya təsadüf edir. Paşinyan bildirmişdi ki, İrəvan yeni Konstitusiyanın Azərbaycanla tam sülh üçün yeterli olub-olmadığına aydınlıq gətirməyə çalışacaq. Müsbət cavab alındığı halda müxalifətin dəstək verməyəcəyi təqdirdə hakimiyyətin rəqiblərinə qarşı "ictimai təzyiq" mexanizmini işə salacağını qeyd etmişdi.
Nikol Paşinyanın hansı şərtlə "Güclü Ermənistan" üçün məqbul olacağı sualına cavab verən Tiqran Abramyan bunun yalnız yekun imzalanmış sülh sazişi ola biləcəyini vurğulayıb.