Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədliyyə sistemində kadr dəyişiklikləri ilə bağlı yeni sərəncamlar imzalayıb.
Dövlət başçısının sərəncamına əsasən, ədliyyə general-mayoru Mirsaleh Miradil oğlu Seyidov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” Sahib Cəlil oğlu Rzayevin dosyesini təqdim edir:
1977-ci ildə Sumqayıt şəhərində anadan olan Mirsaleh Seyidov Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomları ilə bitirib.
Əmək fəaliyyətinə 1999-cu ildə Ədliyyə Nazirliyində başlayaraq 3 saylı İstintaq təcridxanasında şöbə rəisi və rəis müavini, 15 saylı və 10 saylı cəzaçəkmə müəssisələrinin rəisi, eləcə də Penitensiar xidmətin Əməliyyat-rejim İdarəsinin rəisi vəzifələrində çalışıb. 2023-cü ilin iyul ayından ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi kimi xidmət edirdi. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Azərbaycan Ədliyyəsinin 100 illiyi" medalları ilə təltif olunub. Ailəlidir, 2 övladı var.
1977-ci il təvəllüdlü Sahib Rzayev 2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bitirib, 2011-ci ildə isə həmin universitetdə beynəlxalq hüquq üzrə fərqlənmə diplomu ilə əlavə təhsil alıb.
Karyerasına daxili işlər orqanlarında müstəntiq kimi başlayan S.Rzayev 2006–2023-cü illərdə Fövqəladə Hallar Nazirliyində rəhbər vəzifələrdə çalışıb. O, 2025-ci ilin yanvarından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini, 23 iyul 2025-ci ildən isə ədliyyə naziri Fərid Əhmədovun əmri ilə həmin idarənin rəisi vəzifəsində xidmət edirdi.