Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağa hazırlaşmır.
“Operativ Məlumat Mərkəzi-OMM” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə keçirdiyi brifinqdə jurnalistlərin İrəvanın Aİİ-dən çıxmaq üçün siyasi hazırlıq görüb-görməməsi ilə bağlı sualını cavablandırarkən bildirib.
Paşinyanın sözlərinə görə, hakimiyyət xalqın seçim edə bilməsi üçün alternativlərin formalaşdırılması istiqamətində iş aparır, lakin hazırda Aİİ-dən çıxmaq niyyəti yoxdur. Baş nazir qeyd edib ki, bu addımlar 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük prosesinə başlamaq üçün rəsmi müraciət edilməsinə hədəflənib. O, həmçinin Aİİ Hökumətlərarası Şurasının ölkənin ittifaqdan çıxmasının olası fəsadlarına dair hesabatı ilə tanış olduqlarını və oradakı nəticələrin böyük hissəsi ilə razılaşmadıqlarını diqqətə çatdırıb.
Xatırladaq ki, Ermənistan parlamenti 2025-ci ilin martında Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun qəbul edib. Cari ilin mayında keçirilən Aİİ sammitində və Rusiya tərəfinin açıqlamalarında İrəvanın Aİİ və ya Aİ arasında dəqiq seçim etməsinin, bu çərçivədə referendumun keçirilməsinin vacibliyi vurğulanıb. Rəsmi statistikaya əsasən, Ermənistan Aİİ-dən çıxacağı təqdirdə mal dövriyyəsinin təxminən 40 faizini və ÜDM-in ciddi bir hissəsini itirmək riski ilə üz-üzə qala bilər.