Ermənistanın xarici ticarətinin şaxələndirilməsi inkişaf edir, lakin bu addım Rusiya ilə iqtisadi münasibətlərin əhəmiyyətini azaltmır.
“Operativ Məlumat Mərkəzi-OMM” "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlament komissiyalarında 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir vurğulayıb ki, ticarətin divertifikasiyası tədarük marşrutlarının Rusiyadan Aİ-yə dəyişdirilməsi kimi anlaşılmamalıdır. O, kənd təsərrüfatı məhsullarının ixracı üçün Fars körfəzi ölkələrini perspektivli istiqamət adlandırıb və Ermənistan güllərinin artıq 30 ölkəyə, o cümlədən Türkmənistana da göndərildiyini diqqətə çatdırıb.
Mirzoyan, həmçinin Rusiya ilə münasibətləri hərtərəfli müzakirə edərək sağlamlaşdırmağa və tətbiq olunan ticarət məhdudiyyətlərini aradan qaldırmağa ümid etdiyini qeyd edib.
Xatırladaq ki, may ayından etibarən Rusiyanın “Rosselxoznadzor” qurumu fitosanitar pozuntuları əsas gətirərək Ermənistandan gətirilən balıq, gül, göyərti, çiyələk, çəyirdəkli meyvələr və bitkiçilik məhsullarının tədarükünə mərhələli şəkildə məhdudiyyətlər tətbiq edib. Buna baxmayaraq, Rusiya Ermənistanın aqrar ixracının 90 faizdən çoxunu qəbul edən əsas bazar olaraq qalmaqdadır.