Bakıda saxlanılan erməni məhbusların qaytarılması məsələsi Ermənistanın 2027-ci il dövlət büdcəsinin prioritetləri sırasına daxil edilib
“Operativ Məlumat Mərkəzi-OMM” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə xarici siyasət qurumunun büdcə prioritetlərinin müzakirəsi zamanı məlumat verib.
Nazirin sözlərinə görə, sözügedən məsələ sənədin Azərbaycanla sülhün möhkəmləndirilməsi və institusionallaşdırılmasına həsr olunan bölməsində öz əksini tapıb. A.Mirzoyan bildirib ki, regionda uzunmüddətli barışıq prosesi və sülh sazişinin imzalanması humanitar problemlərin, eləcə də itkin düşmüş şəxslərin taleyinin tam həll edilməsi ilə sıx bağlıdır. Diplomat vurğulayıb ki, məsələnin həlli maliyyə xarakteri daşımır.
Xatırladaq ki, Azərbaycanda Qarabağdakı keçmiş qanunsuz rejim və hərbi-siyasi rəhbərliyin nümayəndələri də daxil olmaqla 19 erməni məhbus saxlanılır. Məhkəmə proseslərinin yekununa əsasən, həmin şəxslərə müxtəlif müddətli və ömürlük həbs cəzaları kəsilib.