Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələr vasitəsilə keçirdiyi canlı yayımda Azərbaycan ilə davam edən sülh prosesi, dövlət sərhədlərinin dəqiqləşdirilməsi və ikitərəfli sazişin şərtlərinə dair açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, N.Paşinyan sülh sazişinin yekunlaşdırılması nəticəsində Ermənistanın suveren ərazisinin 29 min 743 kvadratkilometr həddində təsbit olunmalı olduğunu bəyan edib.
Baş nazir bildirib ki, tərəflər arasında sərhədin hər iki tərəfində anklav və eksklav məsələsi aradan qaldırılmalı, Ermənistan və Azərbaycan dəqiq ölçüləri müəyyənləşdirilmiş ərazilərin qarşılıqlı mübadiləsini həyata keçirməlidirlər.
N.Paşinyan İrəvanın təşəbbüsü olan “Sülh kəsişməsi” çərçivəsində, eləcə də bu layihədən kənar regional nəqliyyat-kommunikasiya xətlərinin və yolların tam açılmasının strateji vacibliyini vurğulayıb.
Ermənistan hökumətinin rəhbəri əlavə edib ki, yekun sülh sazişinin məntiqinə əsasən, İrəvan və Bakı bir-birinə qarşı ərazi və ya siyasi tələblər irəli sürməməlidirlər: “Heç bir qarşılıqlı tələb, o cümlədən Qarabağ, Gardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan ifadə formaları ilə bağlı iddialar gündəlikdə yer almamalıdır”.
Paşinyan Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə baş tutan təmaslardan sonra iki ölkə arasında sülh sazişinə konstruktiv məzmun vermək imkanlarının yarandığına dair ilkin təəssürat əldə edildiyini diqqətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra formalaşan yeni geostrateji reallıqlar əsasında yürüdülür. İki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin mətni 2025-ci il avqustun 8-də Vaşinqtonda təşkil olunan sülh sammitində paraflanıb. Hazırda tərəflər sənədin tam imzalanması və ratifikasiyası, habelə dövlət sərhədinin delimitasiyası və regional nəqliyyat kommunikasiyalarının bərpası istiqamətində praktiki işləri davam etdirirlər.