Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və keçmiş anklav/eksklav ərazilərinin mümkün mübadiləsi məsələsinə münasibət bildirib. N.Paşinyan vurğulayıb ki, tərəflər arasında hər hansı ərazi mübadiləsi həyata keçirilməzdən öncə dəqiq delimitasiya prosesi başa çatdırılmalıdır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan ərazilərin mübadiləsi məsələsinin dərin hüquqi və texniki təhlil tələb edən mürəkkəb bir proses olduğunu, bu variantın uzun müddətdir sülh gündəliyində yer aldığını diqqətə çatdırıb.
“Ermənistanda və Azərbaycanda belə bir praktiki həllə ehtiyac olduğu barədə anlayışın formalaşdığını və məsələnin daha konkret xarakter aldığını hiss edirəm. Hamımız başa düşürük ki, alternativalı ssenarilər sərhədyanı kənd sakinləri üçün kommunikasiya və sərhədkeçmə baxımından çoxsaylı çətinliklər yarada bilər”, – deyə Ermənistanın hökumət rəhbəri qeyd edib.
Paşinyanın fikrincə, anklavların dəqiqləşdirilərək mübadiləsi yeni gərginlik ocaqları yaratmaqdansa, mövcud sərhəd problemlərinin konstruktiv həlli məntiqinə tam uyğundur.
“Lakin ilk növbədə delimitasiya prosesi tam hüquqi çərçivədə aparılmalıdır. Başkəndin (Ermənistan tərəfinin "Artsvaşen" adlandırdığı) və digər müvafiq ərazilərin fiziki və hüquqi sahəsini dəqiq xəritələr üzrə anlamaq lazımdır ki, məsələyə ədalətli, düzgün hüquqi və siyasi həll tapılsın”, – deyə o əlavə edib.
Xatırladaq ki, Paşinyan daha əvvəl də Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sərhəd xəttində anklav və eksklav problemlərinin aradan qaldırılmasının vacibliyini bildirmişdi. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan müvafiq əraziləri dəqiq topoqrafik ölçülər və hüquqi sənədlər əsasında mübadilə etmək imkanlarını dəyərləndirməlidir.