Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisinin yaydığı açıqlama Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası, o cümlədən anklav və eksklavlarla bağlı məsələlərin komissiyalar çərçivəsində müzakirə ediləcəyini göstərir.
"Operativ Məlumat Mərkəzi-OMM" Qriqoryanın ofisinə istinadə xəbər verir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin ayrı-ayrı hissələrində, o cümlədən anklav və eksklavlarla bağlı işlər iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın, eləcə də Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında əsasnaməyə uyğun həyata keçiriləcək.
Bu açıqlama delimitasiya prosesində konkret addımların əvvəlcədən açıqlanmasından daha çox, məsələlərin mövcud komissiyalar çərçivəsində həll olunacağına işarə edir.
Delimitasiya hansı istiqamətdə aparılacaq?
Hazırda prosesin sərhədin hansı hissəsindən başlayacağı ilə bağlı rəsmi və tam dəqiqləşdirilmiş məlumat yoxdur. Mediaya məlum olan məlumatlarda delimitasiyanın şimaldan cənuba doğru aparılacağı bildirilir.
Bununla yanaşı, son günlər müxtəlif istiqamətlər üzrə fərqli məlumatlar da yayılır. Onlardan biri Zəngəzur istiqamətində delimitasiya prosesinin aparılması ilə bağlıdır. Bu məlumatlar isə hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Digər müzakirə olunan məsələ Qazaxın vaxtilə Ermənistanın nəzarətində olan üç kəndinin və Naxçıvanın Kərki kəndinin statusudur.
Kərki ilə bağlı rəsmi açıqlama yoxdur
Kərki kəndinin Azərbaycana qaytarılacağı ilə bağlı müxtəlif media məlumatları yayılsa da, hazırda bununla bağlı rəsmi təsdiqlənmiş qərar açıqlanmayıb.
Məsələnin yekun nəticəsinin məhz delimitasiya və sərhəd komissiyalarının müzakirələrindən sonra ictimaiyyətə açıqlanması gözlənilir.
Azərbaycan və Ermənistan arasında əvvəlki delimitasiya prosesində də oxşar yanaşma müşahidə olunub. Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması ilə bağlı yekun nəticə əldə edildikdən sonra məsələ ictimaiyyətə açıqlanmışdı.
Hazırda da sərhədin digər hissələri, o cümlədən anklav və eksklavlarla bağlı məsələlərin komissiyalar çərçivəsində müzakirə edildiyi bildirilir.
Mövzu Rusiya mediasının da diqqət mərkəzindədir. Kərki ilə bağlı yayılan məlumatların isə hələlik media səviyyəsində olduğu və rəsmi təsdiqinin olmadığı nəzərə alınmalıdır.
Delimitasiya prosesinin konkret istiqaməti və anklav-eksklav məsələləri ilə bağlı yekun qərarlar tərəflərin müvafiq komissiyalarının razılaşmalarından sonra məlum olacaq.