Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın daha dörd yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
97 kq çəki dərəcəsində çıxış edən Murad Əhmədiyev təsəlliverici görüşdə avstriyalı Markus Raqqinqerlə qarşılaşacaq. 63 kq-da mübarizə aparan Nihat Məmmədli təsnifat mərhələsində ABŞ təmsilçisi Xavyer Consonla üz-üzə gələcək.
87 kq çəki dərəcəsindəki İslam Abbasov 1/16 finalda türkiyəli Ali Cengizlə güləşəcək. 67 kq-da çıxış edən Həsrət Cəfərov isə ilk görüşdən azaddır.
Mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.