Qazaxıstanın paytaxtı Astanada sabah start götürəcək güləş üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin ilk rəqibləri müəyyənləşib. Yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan millisinin 10 üzvündən dördü ilkin mərhələdə güləşməyəcək. Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) mübarizəyə birbaşa növbəti mərhələdən qoşulacaqlar.
Digər altı güləşçi ilk görüşlərini keçirəcək. 60 kq çəki dərəcəsində Murad Məmmədov Türkiyə təmsilçisi Enes Başarla, 63 kq-da Nihat Məmmədli isə ABŞ idmançısı Xavyer Consonla qarşılaşacaq.
Sənan Süleymanovun (77 kq) rəqibi yaponiyalı İsami Horikita, İslam Abbasovun (87 kq) rəqibi isə Türkiyə təmsilçisi Eli Cengiz olacaq.
97 kq-da Murad Əhmədiyev Cənubi Koreya təmsilçisi Çon Bin Kvonla, 130 kq-da Sərxan Məmmədov braziliyalı Gilherme Evanjelista Diasla üz-üzə gələcək.