Bakının mərkəzində, Nəsimi rayonu, 28 May küçəsində təxminən 10 hektar ərazini əhatə edən yeni park salınır. Əvvəllər vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə yaradılacaq parkda geniş yaşıllıq sahələri, süni göllər, amfiteatr, velosiped yolları və idman-əyləncə zonaları nəzərdə tutulur.
"Operativ Məlumat Mərkəzi-OMM" “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, layihə xarici və yerli memarların birgə iştirakı ilə hazırlanıb. Ərazidə artıq yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb.
Dayanacağın təxminən 300 avtomobil üçün nəzərdə tutulduğu bildirilir.
Parkda hansı imkanlar yaradılacaq?
Yeni parkda müxtəlif yaş qruplarından olan insanların istirahəti üçün şərait yaradılacaq. Layihəyə əsasən, ərazidə ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları və geniş yaşıllıq sahələri salınacaq.
Bundan başqa, süni göllərin yaradılması, amfiteatrın qurulması, velosiped yollarının təşkili və idman-əyləncə məkanlarının istifadəyə verilməsi planlaşdırılır. Parkda piyadaların rahat və təhlükəsiz hərəkəti də təmin ediləcək.
Ərazidə yol infrastrukturu da dəyişdirilir
Parkın salındığı ərazidən keçən Hüseyn Rəsulbəyov küçəsində avtomobil yolunun parkın şimal-qərb hissəsinə köçürülməsi nəzərdə tutulur. Həmçinin 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində piyadaların park istiqamətində hərəkəti üçün yerüstü keçidin inşası planlaşdırılır.
Qeyd edək ki, ərazidə yeni binanın tikiləcəyi ilə bağlı sakinlər arasında yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilib. Ərazidə əsas layihənin parkın salınması və yeraltı avtomobil dayanacağının tikintisi olduğu qeyd olunur.