Lozanna Universitetinin alimləri bayquşların lələk rəngi və xallılığı üzərində aparılan genişmiqyaslı genetik tədqiqat zamanı təbii seçilimin 10 nəsil ərzində bu quşların xarici görünüşünü necə dəyişdirdiyini aşkar ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan araşdırmaya doktor Tristan Cumer və professor Jerom Gude rəhbərlik edib.
Tədqiqatçılar onilliklər ərzində toplanmış sahə müşahidələrinə və 3 mindən çox bayquşun bütün genomunun ardıcıllıqla təhlilinə əsaslanaraq rəng və xallılıqla bağlı DNT variantlarını müəyyən ediblər. Alimlərin sözlərinə görə, qırmızı-qəhvəyi lələklərlə əlaqəli genetik variantların artması təsadüfi proseslərlə deyil, məhz təbii seçilimin birbaşa təsiri ilə izah olunur.
Araşdırmada piqmentasiyaya təsir göstərən MC1R geni və cinsiyyət xromosomundakı xüsusi bölgələr müəyyən edilib. Lakin MC1R geni yalnız rəngə deyil, həm də stressə qarşı reaksiya və aqressivlik kimi fizioloji xüsusiyyətləri idarə edən melanokortin sisteminə aiddir. Bu səbəbdən alimlər bildirirlər ki, təbii seçilim birbaşa lələk rənginə deyil, quşun stressə dözümlülüyünə təsir edə bilər və rəng dəyişikliyi bunun yan nəticəsi kimi ortaya çıxar.
Anbar bayquşlarının lələk rəngi tam ağdan tünd qırmızı-qəhvəyiyədək dəyişir. Ağ bayquşlar ov edərkən ay işığından istifadə etdiyi halda, qara xalları çox olan quşlar parazitlərə və qida qıtlığına daha davamlı olurlar. Tədqiqatın həmmüəlliflərindən professor Aleksandr Rulən qeyd edib ki, ətraf mühitdəki dəyişikliklər və ov əlçatanlığı (məsələn, tarla siçanlarının artması) qırmızı-qəhvəyi bayquşlara üstünlük qazandırmış ola bilər.