Niderlandda quş qripi riski səbəbindən bütün ölkə ərazisində quşların qapalı yerlərdə saxlanılması məcburi edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Niderlandın kənd təsərrüfatı naziri Silvio Erkens xəbərdarlıq edib. O bildirib ki, quş qripi təhlükəsinin artması fermerlərə və təsərrüfatlara vurulacaq zərərin qarşısını almaq üçün təcili qərarların qəbul edilməsini zəruri edir.
Qərar ABŞ-nin İllinoys ştatındakı yumurta istehsalı müəssisəsində baş verən kütləvi yoluxma və 1 milyona yaxın toyuğun tələf edilməsindən qısa müddət sonra verilib.
ABŞ Kənd Təsərrüfatı Nazirliyi Klinton bölgəsində yerləşən ölkənin ikinci ən böyük yumurta istehsalçısı "Rose Acre Farms" təsərrüfatında 934 600 quşun yoluxduğunu təsdiqləyib. Yüksək patogenli quş qripinin müalicəsi olmadığı üçün virusun yayılmasının qarşısını almaq məqsədilə xəstə quşlar məhv edilir.
Təxminən 1 milyon toyuğun məhv edilməsi yumurta təklifini azaldaraq qiymətlərin kəskin artmasına gətirib çıxara bilər. İllinoysdakı hal ölkə üzrə ən yüksək göstərici kimi qeydə alınıb (ikinci sırada 168 mindən çox quşun təsirləndiyi Minnesota ştatı gəlir).
Mütəxəssislər xatırladırlar ki, 2022-ci ilin fevralından bəri ABŞ-də quş qripi nəticəsində 210 milyondan çox quş ölüb və ya məhv edilib. Payız və yaz aylarında köçəri vəhşi quşların miqrasiyası ilə virusun yayılma riski daha da artır.