Qırğızıstan 2026–2035-ci illər üzrə strategiya layihəsi çərçivəsində yüksək dağ buzlaqlarını, dağ landşaftlarını və dövlət meşələrini daha geniş şəkildə mühafizəyə götürməyi planlaşdırır. “AnewZ” yazır ki, layihə oktyabrın 26-da Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb.
İzahedici sənədə əsasən, hazırda ölkə ərazisinin 11,8 faizini əhatə edən qorunan təbiət ərazilərinin payının 2030-cu ilədək 20 faizə, 2035-ci ilədək isə 30 faizə çatdırılması nəzərdə tutulur. Bununla belə, strategiyanın ayrıca bölməsində 30 faizlik hədəfə 2030-cu ildə nail olunması göstərilir və müddətlər arasında uyğunsuzluq yaranır.
Mövcud qorunan ərazilərin imkanları artırılacaq
Qırğızıstanda qorunan təbiət əraziləri hazırda təxminən 2,36 milyon hektar, yaxud 23 600 kvadratkilometr sahəni əhatə edir. Son genişlənmənin bir hissəsi qorunan əraziləri birləşdirən ekoloji dəhlizlərin yaradılması ilə bağlıdır. 2025-ci ildə 792 000 hektar (7 920 kvadratkilometr) ərazini əhatə edən “Ak Ilbirs” dəhlizi yaradılıb.
Layihə məhsuldar otlaqların kənd təsərrüfatında istifadəsini davam etdirməyə imkan verəcək. Yerli icmalar da müəyyən edilmiş bufer zonalarında ənənəvi mal-qara otarılmasını davam etdirə biləcəklər.
Strategiyada park infrastrukturunun, rəqəmsal monitorinq və məlumatların qeydiyyatı sistemlərinin təkmilləşdirilməsi, eləcə də meşə mühafizəçilərinin hazırlığının və təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.
Prioritetlər sırasında qanunsuz ovla mübarizə və həssas vəhşi təbiətin qorunması da yer alır. Xüsusi diqqətin qar bəbirinə, Tyan-Şan qonur ayısına, qədim qoz meşələrinə və buzlaqlara yönəldilməsi planlaşdırılır.
Turizmə ekoloji məhdudiyyətlər qoyulacaq
Milli parkların müəyyən edilmiş rekreasiya zonalarında özəl investorların turizm obyektləri yaratmasına icazə verilə bilər. Lakin layihə qorunan torpaqların şəxsi mülkiyyətə verilməsini və daimi tikililərin inşasını qadağan edir.
Hakimiyyət park giriş biletləri üçün nağdsız ödəniş sistemini tətbiq etməklə gəlirlərin yığılmasını gücləndirməyi hədəfləyir. Yaxın ərazilərdə yaşayan icmalar isə qonaq evləri və digər kiçik bizneslər vasitəsilə turizmdən faydalana bilərlər.
Strategiyada artan ziyarətçi sayının, xüsusilə Ala-Arça, Karakol, Çon-Kemin və Qırğız-Ata milli parklarında, həssas ekosistemlərə zərər vura biləcəyi barədə xəbərdarlıq edilir.
Genişləndirmənin mövcud dövlət ayırmaları, parklara giriş haqları və beynəlxalq qrantlar hesabına maliyyələşdirilməsi planlaşdırılır. Strategiyanın müəllifləri tədbirlərin dövlət büdcəsindən əlavə vəsait ayrılmadan həyata keçirilə biləcəyini bildirirlər.