“Real Madrid” Kilian Mbappenin Mao Zedunqla bağlı açıqlamasından sonra bəyanat yayıb. Klub Çin və Çin xalqına dərin hörmət bəslədiyini bildirib və fransalı futbolçunun yayımladığı üzrxahlıq mesajını dəstəklədiyini vurğulayıb.
Bəyanatda Çində milyonlarla “Real Madrid” azarkeşinin olduğu qeyd edilib. Klub hörmət, birgəyaşayış və mədəniyyətlərarası anlaşma dəyərlərinə sadiqliyini bir daha təsdiqləyərək, Çinlə dostluq və sevgi bağlarını möhkəmləndirməyə davam etmək istədiyini bildirib.
Mbappe Fransada iştirak etdiyi televiziya proqramının çəkilişində internetdə onunla bağlı yayılan zarafatlardan hansını gülməli hesab etdiyi barədə suala cavab verib. O, üzünün süni intellekt vasitəsilə Mao Zedunqun görüntüsünə montaj edildiyi videonu xatırladaraq, “O adamla hazırladıqları video, deyəsən, çinli diktator idi”, – deyib.
Fransalı futbolçuya yönələn tənqidlərdən sonra Çinin dövlət televiziyası CCTV La Liqa və “Real Madrid” hücumçusunun oyunlarının yayımını dayandırmaq qərarı verib. Bir sıra Çin şirkəti də Mbappe ilə reklam müqavilələrini ləğv edib.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun Pekində keçirilən mətbuat konfransında məsələ ilə bağlı suala cavabında bildirib: “Çin xalqının hisslərini incidən istənilən söz və ya hərəkət, təbii olaraq, Çinin bütün təbəqələri tərəfindən rədd ediləcək”.