İspaniyanın La Liqa çempionatının prezidenti Xavyer Tebas “Real Madrid”in hücumçusu Kilian Mbappenin Çində mənfi reaksiyaya səbəb olan açıqlamaları ilə bağlı rəsmi bəyanat yayıb.
Tebas La Liqa adından Mbappenin sözlərinin Çində narazılıq və inciklik yaratmasından təəssüfləndiklərini bildirib. O, vurulan zərəri anladıqlarını qeyd edərək Çin xalqından səmimi şəkildə üzr istəyib.
“Uzun illərdir Çinlə — ölkənin hakimiyyət orqanları, idman təşkilatları, televiziya yayımçıları və İspaniya futbolunun milyonlarla azarkeşi ilə — hörmət, etimad və əməkdaşlığa əsaslanan münasibətlər qurmuşuq”, — Tebasın X sosial şəbəkəsində yayımlanan bəyanatında deyilir.
La Liqa prezidentinin sözlərinə görə, təşkilatın münasibətlərin korlanmasına və peşəkar turnirlərdəki 20-dən çox kluba, eləcə də milyonlarla çinli azarkeşə zərər dəyməsinə imkan vermək niyyəti yoxdur. O, vəziyyəti aradan qaldırmaq üçün mümkün olan bütün tədbirlərin görüldüyünü, Çindəki tərəfdaşlar və nümayəndələrlə birbaşa əlaqə saxlanıldığını bildirib.
Tebas La Liqanın Çinə, Çin xalqına və qurumlarına sadiqliyinin dəyişməz qaldığını vurğulayıb. O qeyd edib ki, illər ərzində qurulan münasibətlərə tək bir hadisə xələl gətirməməlidir.