Cümə axşamı və cümə günü keçiriləcək sammitdən sonra yayımlanacaq birgə bəyanat layihəsində Kanadanın tam üzvlükdən başqa, Avropa İttifaqı (Aİ) ilə daha sıx münasibətlər qurması təklif edilib. Bu addım əvvəllər irəli sürülən “ortaq üzvlük” təşəbbüsünə nisbətən yumşaldılmış ifadə kimi qiymətləndirilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, müzakirələr Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin İttifaqın vəziyyətinə dair çıxışında Kanada üçün ortaq üzvlük variantının nəzərdən keçiriləcəyini açıqlamasından sonra başlayıb.
Lakin təklif Aİ paytaxtlarında narahatlıq və hüquqi mübahisələr yaradıb. Diplomatlar Kanadanın səsvermə hüququ olmadan Avropa Şurasında və qərar qəbuletmə proseslərində iştirak edib-etməyəcəyi barədə suallar qaldırıblar. Almaniya və digər üzv dövlətlər mövcud Aİ müqavilələrində belə bir statusun rəsmi hüquqi əsasının olmadığını və bu anlayışın yalnız Ukrayna və Monteneqro kimi namizəd ölkələr üçün nəzərdə tutula biləcəyini vurğulayıblar.
Məlumata görə, yeni bəyanat layihəsində ortaq üzvlük üçün konkret iş proqramı elan olunmur, tərəflərin 2027-ci il Aİ-Kanada sammitinədək tam üzvlükdən kənar yaxınlaşma anlayışını müəyyənləşdirmək üçün çalışacağı qeyd edilir.
ABŞ Prezidenti Donald Tramp Aİ-nin Kanadaya ortaq üzvlük təklifini gülünc adlandıraraq, bu addımı düşmənçilik kimi qiymətləndirəcəyi halda Avropa ilə ticarəti dayandıra biləcəyini bəyan edib.
Vaşinqtonla kəskin ticarət müharibəsi fonunda Kanadanın Baş naziri Mark Karney ölkəsi üçün yeni ticarət tərəfdaşları axtarır. Monreal sammitindən əvvəl yayımlanan hesabatlarda müdafiə, enerji, kritik minerallar və rəqəmsal bazarlar üzrə Aİ ilə əməkdaşlığın Kanadaya on milyardlarla dollar əlavə gəlir gətirə biləcəyi vurğulanıb.
Karney jurnalistlərə bildirib ki, bu həftə keçirilən sammit bir il davam edəcək rəsmi danışıqların başlanğıcıdır və əsas məsələ terminlər deyil, bu əlaqələrin vətəndaşların həyatına gətirəcəyi reallıqlardır.