ABŞ senatoru Bernie Sanders süni intellektin insanlıq üçün ciddi təhlükə yaratması ehtimalı varsa, bu texnologiyanın inkişafının yavaşladılmasının vacibliyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Sanders Nobel mükafatlı alim Geoffrey Hintonu “süni intellektin atası” adlandırıb və Hintonun süni intellektin səhiyyə və digər sahələr üçün bir çox müsbət imkanlar yaratdığını düşündüyünü qeyd edib.
“Sənayenin liderləri sizə təhlükəli texnologiya hazırladıqlarını və bunun hara getdiyini bilmədiklərini birbaşa söyləyirlərsə, alimlər isə onun insanlıq üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirirlərsə, bu prosesi yavaşlatmalı olduğumuzu deməmək üçün axmaq olmaq lazımdır”, – deyə Sanders bildirib.
Senator süni intellekt texnologiyasının səhiyyə və xərçəng müalicəsi sahələrində inkişaf etdirilməsinin arzuolunan olduğunu vurğulayıb.
Bununla yanaşı, Sanders texnologiyanın insanlığın məhvinə gətirib çıxarmasını istəmədiyini bildirib.
O, Hintonun süni intellektin insanlıq üçün təhlükəli nəticələr doğurması ehtimalını 10 faiz qiymətləndirdiyini xatırladıb və hətta 5 və ya 3 faizlik riskin reallaşacağı halda mümkün nəticələrin nə olacağını soruşub.
Geoffrey Hinton daha əvvəl insanların özlərindən daha ağıllı ola biləcək bir məhsul yaratmadığını və buna görə də baş verə biləcək hadisələri proqnozlaşdırmağın mümkün olmadığını deyib.
O, inkişaf etmiş süni intellektin qarşıdakı 10 il ərzində bütün insanları öldürməsi ehtimalının 10 faizdən çox olmasına dair qiymətləndirmələri məntiqli hesab edib.
Hintonun sözlərinə görə, inkişaf etmiş süni intellektin ciddi təhlükə yaratması üçün fiziki sistemlərə nəzarət etməsi vacib deyil.
Alim texnologiyanın insanlarla danışmaqla belə xaosa səbəb ola biləcəyini, yüksək imkanlara malik sistemlərin bioloji və ya kiberhücumlarda, eləcə də kompüter viruslarının hazırlanmasında istifadə edilə biləcəyini bildirib.
Sanders iyunun 3-də süni intellekt modellərinin hazırlanması zamanı bəşəriyyətin bilik fondunun icazəsiz istifadə edildiyini deyərək, süni intellekt şirkətlərinin səhmlərini ictimaiyyətə təqdim etməsi üçün qanun layihəsi hazırlayacağını açıqlamışdı.
Hinton isə süni intellektin insanlara zərər verə biləcək məqsədlər formalaşdırmaması üçün təhlükəsiz şəkildə dizayn edilməsinin vacibliyini vurğulayıb.