İtaliyanın Baş naziri Corcia Meloni səsinin "Super Zəka" və süni intellekt platformalarında icazəsiz istifadə olunmasının və rəqəmsal saxtakarlıqların qarşısını almaq məqsədilə hüquqi müstəvidə analoqsuz addım atıb. Baş Nazirlik Ofisinin də təsdiqlədiyi müraciət çərçivəsində Meloni italyanca “Mən Corciyam” mənasını verən “Io sono Giorgia” ifadəsini iki dəfə səsləndirdiyi dörd saniyəlik audioyazını rəsmi olaraq qeydiyyatdan keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, səs hüquqlarının qorunması istiqamətində addım atan yeganə tanınmış sima İtaliya hökumətinin rəhbəri deyil.
ABŞ-li aktyor Metyu Makkonahi və məşhur müğənni Teylor Svift də öz imzaları, səhnə görüntüləri və səs yazılarının rəqəmsal platformalarda icazəsiz təkrar istehsalına qarşı analoji müraciətlər ediblər. Böyük Britaniyada isə Mett Lukas və Hyu Bonvil də daxil olmaqla 80-dən çox tanınmış incəsənət xadimi hökuməti səs hüquqlarının müdafiəsi üzrə qanunvericiliyi sərtləşdirməyə çağırıb.
Mütəxəssislərin bildirdiyinə görə, "Super Zəka" texnologiyaları vasitəsilə yaradılan səs klonları real şəxslərin audiosessiyaları əsasında formalaşdırılır. Sadə versiyaları bir neçə saniyəlik səs nümunəsi ilə hazırlamaq mümkün olduğu halda, daha yüksək dəqiqlikli təqlidlər üçün saatlarla məlumat bazası tələb olunur.
Meloninin səsinin qeydiyyata alınması qərarı İtaliyada gələn il keçiriləcək ümumi seçkilər ərəfəsinə təsadüf edir. “Io sono Giorgia” ifadəsi onun siyasi kampaniyalarının əsas şüarlarından biri sayılır. Qeyd edək ki, İtaliyanın Baş naziri 2024-cü ildə internetdə zərərli "deepfake" görüntülərinin tətbiqi ilə barəsində yayımlanan saxta kontentə görə 100 min avro təzminat tələbi ilə məhkəməyə müraciət etmişdi.