İtaliyanın şimal şəhərlərində yaşayış xərclərinin artmasına və sosial xidmətlərin çatışmazlığına qarşı keçirilən kütləvi etiraz aksiyalarının zorakılığa çevrilməsindən sonra İtaliya hökuməti Milanda təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş nazirin müavini və "Liqa" partiyasının lideri Matteo Salvini küçələrdə asayişi bərpa etmək və şəhəri qanunsuz əməllərdən qorumaq məqsədilə Milana 500 nəfərlik hərbi kontingentin göndəriləcəyini bəyan edib. Təhlükəsizlik üzrə yeni fövqəladə tədbirlər paketinin Nazirlər Şurasının iclasında rəsmən təsdiqlənəcəyi gözlənilir.
Dövlət xidmətlərinin yetərsizliyinə və inflyasiyaya etiraz olaraq başlayan aksiyalar Milanla yanaşı, Bolonya, Breşiya, Berqamo və Turin kimi sənaye mərkəzlərində də kütləvi xarakter alıb. Əvvəlcə dinc şəraitdə keçən nümayişlər Milanın mərkəzində zorakı toqquşmalara çevrilib. Yüzlərlə maskalı etirazçı zibil konteynerlərini yandırıb, ticarət obyektlərini talan edib və ictimai əmlaka ciddi ziyan vurub.
Hadisələrdən sonra Milanın "Via Montenapoleone" kimi lüks ticarət küçələrində yerləşən "Chanel", "Tiffany", "Dior", "Levi’s", "Under Armour" və "Decathlon" kimi brend mağazalar vitrinlərini karton və taxta panellərlə bağlamaq məcburiyyətində qalıb. Polisin məlumatına görə, "Decathlon", "Arc’teryx" və "Vodafone" obyektləri etirazçılar tərəfindən talan olunub.
İtaliya hüquq-mühafizə organları baş verən iğtişaşlar zamanı 271 gəncin saxlanıldığını, onlardan 32-sinin həbs edildiyini bildirib. Həbs olunanların 23-nün yetkinlik yaşına çatmayanlar, 13-nün isə əcnəbi vətəndaşlar olduğu qeyd edilib.
İtaliyanın Baş naziri Corcia Meloni gələcək ümumi seçkilər ərəfəsində baş verən zorakılıq hallərını kəskin pisməyərək təhlükəsizlik rəsmiləri ilə təcili müşavirə keçirib. Xarici işlər naziri Antonio Tayani dövlət qurumlarına və özəl əmlaka hücumlara qarşı dövlətin qətiyyətli mövqe nümayiş etdirəcəyini vurğulayıb.
"Corriere della Sera" qəzetinin məlumatına görə, hökumət gənclər dəstələrinə qarşı mübarizə çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün qabaqlayıcı saxlanma müddətinin uzadılmasını və yeni təhlükəsizlik qanun layihəsinin dərhal qüvvəyə minməsini planlaşdırır.
Milandakı iğtişaşlar Fransada yüz minlərlə insanın küçələrə çıxdığı kütləvi sosial etiraz dalğasının ardınca Şərqi və Qərbi Avropada dərinləşən sosial-iqtisadi gərginliyin göstəricisi kimi qiymətləndirilir.