Banqladeş Xalq Respublikasının Səhiyyə Xidmətləri Baş İdarəsi (DGHS) ölkədə kəskin şəkildə yayılan qızılca epidemiyasına dair yenilənmiş statistik göstəriciləri açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyənin "TRT Haber" telekanalının "Dhaka Tribune" qəzetinə istinadən yaydığı məlumata əsasən, cari ilin mart ayının 15-dən bu günədək qızılcaya bənzər simptomlar göstərən 1097 uşaq, rəsmi olaraq qızılca diaqnozu təsdiqlənən isə 104 uşaq həyatını itirib.
Açıqlanan rəsmi məlumatlara görə, epidemiya dövründə qızılca şübhəsi ilə ölkə üzrə xəstəxanalara ümumilikdə 190 663 nəfər yerləşdirilib. Aparılan müalicə tədbirləri nəticəsində onlardan 183 042-si tam sağalaraq evə buraxılıb.
Ümumilikdə, qızılcaya bənzər əlamətlərlə səhiyyə müəssisələrinə müraciət edənlərin sayı 214 551-ə, müayinələr nəticəsində təsdiqlənmiş qızılca yoluxmalarının sayı isə 23 157-yə çatıb. Son 24 saat ərzində ölkə üzrə daha 1307 şübhəli və 35 təsdiqlənmiş yeni yoluxma faktı qeydə alınıb.
Epidemiyanın qarşısını almaq məqsədilə mart ayında start verilən təcili vaksinasiya kampaniyasının birinci mərhələsində 6 aylıqdan 5 yaşadək olan uşaqların peyvənd olunmasına üstünlük verilib. Hazırda peyvəndləmə prosesi mərhələli şəkildə Banqladeşin bütün regionları üzrə genişləndirilir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, kəskin pnevmoniya (ağciyər iltihabı) və ensefalopatiya (baş beynin zədələnməsi) kimi ağır fəsadlara yol aça bilən qızılca xəstəliyi dünyada peyvəndlə qarşısı alına bilən ölüm hallarının ana səbəblərindən biri sayılır.