Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova "Flydubai" aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş vermiş insidentlə bağlı yayılan dezinformasiyalara münasibət bildirib. Zaxarova baş verənlərin ilkin, təsdiqlənməmiş xəbərlərə dərhal inanmamağın vacibliyini növbəti dəfə nümayiş etdirdiyini vurğulayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rusiya XİN rəsmisi “Sputnik” radiosunun efirində çıxış edərkən insidentə cəlb olunan pilotların Rusiya və Ukrayna vətəndaşları olması barədə yayılan iddiaların tamamilə yalan olduğunu bildirib.
O, fəlakətin qarşısının alındığını və hadisənin tələsik yayılan məlumatlara qarşı sayıq olmaq üçün bir dərs olduğunu diqqətə çatdırıb. Zaxarovanın sözlərinə görə, saxta xəbər informasiya məkanında sürətlə yayılaraq manipulyasiya effekti yaradıb.
Xatırladaq ki, sentyabrın 30-da göyərtəsində 180 sərnişin olan "Flydubai" təyyarəsində ikinci pilot təyyarə kapitanına hücum edərək xəsarət yetirib və hava gəmisini qəza törətmək məqsədilə kəskin enişə yönəldib. Ekipaj üyvləri və sərnişinlərin çevik müdaxiləsi nəticəsində hücum edən şəxs zərərsizləşdirilib və faciənin qarşısı alınıb. İlkin ehtimallara görə, ikinci pilot intihar etmək və təyyarəni qəzaya uğratmaq niyyətində olub.