Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirməsi 2027-ci ildə növbəti sosial paketlə bağlı gözləntiləri artırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gözləntilər arasında minimum aylıq əməkhaqqının hansı məbləğdə artırılacağı xüsusi yer tutur. Çünki minimum əməkhaqqı yalnız ən aşağı maaş həddini müəyyən etmir, eyni zamanda bir sıra sahələrdə əməkhaqqı və digər ödənişlərin hesablanmasına təsir göstərir.
Minimum əməkhaqqı nə qədər arta bilər?
Minimum aylıq əməkhaqqı sonuncu dəfə 2025-ci ilin əvvəlində artırılaraq 400 manata çatdırılıb.
2025-ci ildə orta illik inflyasiya 5,6 faiz təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə orta illik inflyasiya 5,7 faiz olub. İlin sonunda bu göstəricinin 6 faizi ötə biləcəyi ehtimal edilir.
Bundan başqa, 2025-ci ildə orta aylıq əməkhaqqı 9,3 faiz artıb. 2026-cı ilin ilk 7 ayında isə orta aylıq əməkhaqqında 7,2 faizlik artım qeydə alınıb.
Bu göstəricilər nəzərə alındıqda, 2027-ci ildə minimum əməkhaqqının ən azı 10 faiz artırılması ilə bağlı gözləntilər formalaşır. Belə bir artım baş verərsə, 400 manatlıq minimum əməkhaqqı 440 manata yüksələ bilər.
Qeyd edək ki, bu rəqəm hazırda yalnız ehtimaldır. 2027-ci il üçün minimum əməkhaqqının konkret məbləği rəsmi qərarla müəyyənləşdiriləcək.
Maaşları kimlərin arta bilər?
Qanunvericiliyə əsasən, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
Aylıq iş vaxtı normasını tam işləyən və əmək funksiyasını yerinə yetirən şəxsin aylıq əməkhaqqı minimum əməkhaqqından aşağı ola bilməz.
Minimum əməkhaqqının artırılması Vahid Tarif Cədvəli (VTC) üzrə əməkhaqqı alan şəxslərin maaşlarına da təsir göstərə bilər. Cədvəlin ən aşağı pilləsindəki əməkhaqqı minimum əməkhaqqına bərabərdir.
VTC üzrə əməkhaqqı alanlar arasında dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal və digər sahələrdə çalışanlar yer alır.
Qanunvericiliyə görə, Vahid Tarif Cədvəlinin tətbiqi dövlət idarəetmə və hakimiyyət, müdafiə və hüquq-mühafizə orqanları istisna olmaqla, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar üçün məcburidir.
Bu səbəbdən minimum əməkhaqqında artım Vahid Tarif Cədvəlinin digər pillələrində də maaşların yenilənməsi üçün əsas yarada bilər.
Digər ödənişlər də arta bilər
Minimum əməkhaqqının dəyişməsi yalnız əməkhaqqına təsir göstərmir.
Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən şəxslərin məcburi dövlət sosial sığorta haqlarının müəyyənləşdirilməsində də minimum əməkhaqqı göstəricisindən istifadə olunur.
Bundan başqa, vergi uçotunda olan fiziki şəxslərin aylıq icbari tibbi sığorta haqları da minimum əməkhaqqı ilə əlaqələndirilir.
Beləliklə, 2027-ci ildə minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi halda, bunun yalnız minimum maaş alan şəxslərə deyil, Vahid Tarif Cədvəli üzrə çalışanlara və minimum əməkhaqqı əsasında hesablanan bir sıra ödənişlərə də təsir göstərməsi mümkündür. (Qafqazinfo)