Fransanın bir neçə şəhərində şənbə günü, noyabrın 21-də, bahalaşmaya və tələbə hüquqlarına dair etirazlar zamanı polis nümayişçilərə gözyaşardıcı qazdan istifadə edib. AnewZ-nin məlumatına görə, aksiyalarda iştirak bir həftə əvvəlki nümayişlərdən az olub.
Daxili İşlər Nazirliyi ölkə üzrə aksiyalara 82 500 nəfərin qatıldığını, onların 21 500-nün Parisdə olduğunu bildirib. Təşkilatçılar isə iştirakçıların sayını ümumilikdə 150 000, paytaxtda isə 45 000 nəfər göstəriblər.
Noyabrın 14-də keçirilən əvvəlki şənbə aksiyalarında Fransada 106 000, o cümlədən Parisdə 24 000 nəfərin iştirak etdiyi açıqlanmışdı. Təşkilatçılar həmin nümayişə 200 000 nəfərin qatıldığını bildirmişdilər.
Aksiyaların təhlükəsizliyini təmin etmək və iğtişaşların qarşısını almaq üçün ölkə üzrə təhlükəsizlik qüvvələrinin təxminən 70 000 üzvü səfərbər edilmişdi.
Yürüşlərin əksəriyyəti dinc keçsə də, gün ərzində bir neçə şəhərdə gərginlik artıb. Parisdə on minlərlə insan yürüş edərkən bəzi etirazçılar kostyum geyinib musiqi sədaları altında rəqs ediblər. Gecə düşəndən sonra çevik polis nümayişçilərə hücum edib və aksiya başa çatarkən meydanı gözyaşardıcı qazla boşaldıb.
Marseldə etirazçılar polisə tərəf fişənglər atıb və əşyalar tullayıblar. Qərbdəki Nant şəhərində yerli hakimiyyətin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, minlərlə insan yürüşə çıxıb. Polis yürüş başlamazdan əvvəl bəzi iştirakçıları yoxlayıb və dağıdıb.
Nümayişçilər bayraqlar qaldırıb, üzərində “Gen Z beynəlxalq inqilabı” və “Militarizasiya və sinfi müharibəyə qarşı” yazılmış plakatlar daşıyıblar. Bəziləri İtaliyanın “Bella Ciao” etiraz mahnısını nağara sədaları altında oxuyub.
Etirazçılar Nant adasındakı ticarət mərkəzini mühasirəyə almağa cəhd etdikdən sonra polis gözyaşardıcı qaz, rezin güllələr və səs qumbaralarından istifadə edib. Zibil qutuları yandırılıb, azı bir etirazçı saxlanılıb.
Nümayişlər Bordo, Strasburq və Lion şəhərlərində də keçirilib.
Fransada etirazlar sentyabrdan başlayıb. Tələbələr əvvəlcə məktəb binalarının təmiri, müəllim sayının artırılması və universitetlərdə islahatlar tələb ediblər.
Hərəkat daha sonra bahalaşma, əməkhaqqı, dövlət xidmətləri və 2027-ci il prezident seçkiləri ərəfəsindəki siyasi dalana dair daha geniş etirazlara çevrilib. Aksiyalara həmkarlar ittifaqları və siyasi fəallar da qoşulublar.
Şənbə günkü nümayişlər 2018-ci ilin noyabrında başlayan “Sarı jiletlilər” hərəkatının səkkizinci ildönümünə təsadüf edib. Hərəkat əvvəlcə yanacağın vergilərinin artırılmasına qarşı başlayıb, daha sonra iqtisadi bərabərsizlik və Prezident Emmanuel Makronun siyasətinə qarşı daha geniş kampaniyaya çevrilmişdi.
İştirakçıların sayının azalması həftələrlə davam edən iğtişaşlardan sonra hökumətə müəyyən möhlət verib.