Gələn il Azərbaycanda pensiya və minimum əməkhaqqının, eləcə də dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışanların maaşlarının artırılması gözlənilir. Dövlətin qərar və ya sərəncam mexanizmi yalnız öz büdcəsi üzrə müəyyən etdiyi ödənişlərə, eləcə də ölkə üzrə minimum həddə şamil olunur.
Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hökumət özəl sektorda çalışanların əməkhaqqını birbaşa artıra bilməz, yalnız ölkə üzrə minimum həddi təyin etmək səlahiyyətinə malikdir:
"Hökumətin özəl sektora maaş artımı ilə bağlı birbaşa sərəncam vermək səlahiyyəti yoxdur. Məsələn, hökumət hər hansı özəl media qurumuna konkret əməkdaşın maaşını artırmağı tələb edə bilməz. Lakin ölkədə minimum əməkhaqqı və minimum pensiya həddini təyin edərək bildirir ki, bu məbləğdən aşağı əməkhaqqı verilə bilməz. Ona görə də hökumət yalnız dövlət büdcəsindən ödənilən maaş və pensiyalar üzrə qərar verir. Özəl sektorda isə proses əmək bazarının və şirkətlərin maliyyə imkanlarından asılı olaraq tənzimlənir".

Ekspert minimum əməkhaqqının gözlənilən artım dinamikasına və bunun səbəblərinə də toxunub:
"Hesab edirəm ki, ilin sonunda minimum əməkhaqqı ən azı 10-15% civarında artırılacaq. Sonuncu dəfə minimum əməkhaqqı qaldırılaraq 400 manat olunub və bu hədd 2025-ci il yanvarın 1-dən qüvvədədir. Artıq iki ildir ki, bu rəqəm dəyişmir. Bu müddət ərzində isə keçən il təqribən 5,7%, bu il də təxminən analoji dərəcədə inflyasiya müşahidə olunub. Məcmu olaraq qiymətlərdə 11-12% ətrafında artım baş verib. Məhz bu inflyasiya təzyiqini kompensasiya etmək üçün hökumətin minimum əməkhaqqını 10-15% aralığında artıracağını güman edirəm. Minimum əməkhaqqı artarkən Dövlət Vahid Tarif Cədvəli üzrə işləyən digər dərəcəli işçilərin də maaşları müvafiq intervalla yüksələcək".
Pensiyaların indeksasiyası məsələsinə gəlincə, Xalid Kərimli bunun qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirildiyini diqqətə çatdırıb:
"Pensiyalar birbaşa dövlət büdcəsindən maliyyələşir və onların artımı konkret qayda ilə tənzimlənir. Qaydaya əsasən, növbəti ildə pensiyalar əvvəlki ildəki orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. Hazırkı 6 aylıq statistikaya görə, işləyənlərin orta aylıq maaşı 7,2% artıb. Əgər bu ilin sonuna kimi həmin temp saxlanılarsa, növbəti ilin əvvəlində bütün pensiyalar 7,2% indeksasiya olunacaq. Dəqiq rəqəm isə dekabr ayı yekunlaşdıqdan sonra, fevral ayının ilk 10 günlüyündə rəsmi statistika elan ediləndə bəlli olacaq".