“Benfika”nın sabiq hücumçusu və Portuqaliya millisinin 1966-cı il dünya çempionatının bürünc medalçısı Antoniu Simoyş Kriştiano Ronaldunun baş məşqçi Jorje Jezuşla münaqişəsində onu haqlı saymadığını bildirib. Simoyşun fikirlərini “A Bola” yayıb.
Ronaldu daha əvvəl münaqişə ilə bağlı mövqeyini açıqlayıb, Jezuşu verdiyi vədləri pozmaqda ittiham edib. 41 yaşlı futbolçu millinin düşərgəsini tərk etdiyinə görə azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib, Portuqaliya Futbol Federasiyasının mümkün cəzasını qəbul etməyə hazır olduğunu bildirib və milliyə qayıda biləcəyini qeyd edib.
Simoyş tərəfləri barışmağa çağırıb
Simoyş hesab edir ki, tərəflər qarşılıqlı danışaraq problemi həll etməlidirlər. Onun sözlərinə görə, Ronaldunun səhvini qəbul etməsi halında futbolçunu sərt şəkildə qınamaq yox, ona karyerasını layiqincə başa vurmaq imkanı vermək lazımdır.
Sabiq hücumçu Ronaldunun artıq bütün matçlarda 90 dəqiqə oynamasının vacib olmadığını vurğulayıb. O, futbolçunun oyunun müəyyən hissəsində komandaya fayda verə biləcəyini, lakin bunun əsas heyətdə yer alması demək olmadığını bildirib.
Simoyş Jezuşun Ronaldunu istədiyi vaxt isinməyə göndərmək hüququ olduğunu deyib: “Onun xüsusi statusu var, amma o da komandanın oyunçusudur. Eysebio ilə oynamışam, Pele və Maradona ilə ünsiyyətdə olmuşam, heç vaxt belə bir şey görməmişəm”.