İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının IV turunda Xorvatiya üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib. İspanlar oyunda hesabda geri düşsələr də, Mikel Merinonun dublu ilə qalib gəliblər.
De la Fuente komandasının xarakterini xüsusi vurğulayıb: “Bu, heç vaxt təslim olmayan və bizi hər oyunda təəccübləndirən fantastik futbolçular qrupudur. Güclü rəqibə qarşı belə atmosferdə oynamaq asan deyildi. İkinci hissədə açıq şəkildə üstün idik və oyunun gedişini dəyişdik”.
Baş məşqçinin sözlərinə görə, İspaniya ilk hissədə rəqibi yorsa da, fasilədən sonra oyuna tam nəzarət edib. O, Mikel Merinonun istənilən komandada oynaya biləcək səviyyədə olduğunu deyib və futbolçunun ehtiyatdan meydana çıxaraq dərhal oyunun ritmini tutmasını, həmçinin qol duyumunu qeyd edib.
De la Fuente İspaniyanın ardıcıl 42 oyundur məğlub olmadığını xatırladıb və bu göstəricini artırmaq istədiklərini bildirib. Onun fikirlərini Marca yayıb.