İran Xarici İşlər Nazirliyi İraq rəhbərliyini iki ölkə arasında təyyarə reyslərinin bərpası üçün lazımi addımlar atmağa və mövcud məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran XİN-in yaydığı rəsmi bəyanatda Birləşmiş Ştatların sanksiya siyasəti kəskin pislənilib, Vaşinqtonun bu addımları "qanunsuz və qeyri-insani" kimi qiymətləndirilib.
Bəyanatda ABŞ-nin təzyiqlərinin dövlətlərin suverenliyi prinsipinə zidd olduğu və region ölkələri, xüsusən də qonşu dövlətlər arasındakı münasibətlərə xələl gətirməyə yönəldiyi bildirilib.
Tehran mülki aviasiya sahəsindəki məhdudiyyətlərin İran və İraq xalqları arasındakı tarixi, dini və mədəni əlaqələrə zərbə vurduğunu vurğulayıb. Məlumatda qeyd olunub ki, uçuşların dayandırılması minlərlə zəvvar, tələbə, xəstə və iş adamı üçün ciddi çətinliklər yaradır.
İran tərəfi İraq hökumətini Vaşinqtonun iqtisadi təzyiqlərinə müqavimət göstərməyə, iki ölkənin aviaşirkətlərinə qoyulmuş qadağaları ləğv edərək hava əlaqəsini bərpa etməyə çağırıb.