İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ dövlət katibi Marko Rubionun Tehranın Yəmənin işlərinə müdaxilə etməsi barədə açıqlamalarını təkzib edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Bəqayi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Diplomat Marko Rubionun açıqlamalarını “yalan” adlandıraraq bildirib ki, “yalanlar reallığı əvəz edə bilməz”.
Bəqai “Ənsar Allah” hərəkatının müstəqil aktor olduğunu, qərarlarını özü qəbul etdiyini və heç kimin göstərişlərinə tabe olmadığını vurğulayıb.
Onun sözlərinə görə, regionda sabitsizliyin əsas səbəbləri ABŞ-nin hərbi müdaxilələri və hegemonluq siyasətidir.
Bəqayi bildirib ki, Vaşinqton həqiqətən sülhün bərqərar olmasını istəyirsə, regionun işlərinə müdaxiləni dayandırmalıdır.
Diplomat əlavə edib ki, Yəməndəki münaqişəni güc təzyiqi yolu ilə həll etmək mümkün deyil.
Qeyd edək ki, daha əvvəl Marko Rubio husilərin İranın agentləri olduğunu bildirib. O, bəzi hadisələrin arxasında İranın təsirinin açıq şəkildə dayandığını və ABŞ-nin vəziyyəti diqqətlə izlədiyini qeyd edib.